Müğənniyə 15 sutka həbs verilib

Manaf Ağayev Füzulidə

Müğənni Manaf Ağayev və onun tanışı Sənan Hüseynovun bu gün, fevralın 18-də inzibati qaydada 15 sutka müddətinə həbs olunduğu bildirilir.

Bu barədə "Turan"a Daxili İşlər Nazirliyindən məlumat verib. Məlumata görə, onlar müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə getdiklərinə görə saxlanıblar, barələrində protokollar tərtib edilib. Daha sonra hər ikisinin məhkəmənin qərarı ilə 15 sutka müddətinə həbs olunduğu açıqlanıb.

Bu məlumata, hələlik, müğənni və onun tanışının vəkillərindən münasibət almaq mümkün olmayıb.

Bugünlər sosial şəbəkələrdə müğənni Manaf Ağayev və tanışının 2020-ci ildə işğaldan azad edilən Füzuli rayonuna (1993-cü ildə işğal edilmişdi) səfər etmələri ilə bağlı görüntülər yayılıb.

Azərbaycan 2020-ci ildə işğal altında olan ərazilərinin çox hissəsini azad etdiyini açıqlayıb. Amma həmin ərazilərdə, hələlik, məskunlaşma başlamayıb. Rəsmi qurumlar ərazidə quruculuq və minalardan təmizlənmə işləri aparıldığını deyirlər.

Manaf Ağayev 1964-cü il aprelin 26-da Füzuli rayonunun Şıxlı kəndində doğulub.