Fransa prezidenti Emmanuel Makronun rəsmi səfəri zamanı Suriyanın paytaxtı Dəməşqdə, qaldığı otelin yaxınlığında iki partlayış baş verib. Dördü polis əməkdaşı olmaqla, azı 18 nəfər xəsarət alıb.
Partlayış anında Makron "Four Seasons" otelində olmayıb. "France-Presse" agentliyinin məlumatına görə, o, artıq Suriyanın yeni rəhbəri Əhməd əş-Şəraa ilə görüş üçün prezident sarayına yollanmışdı. Jurnalistlər onun saraya çatdığı anları lentə alıblar.
Suriya Daxili İşlər Nazirliyi partlayıcı qurğulardan birinin yol kənarındakı avtomobilə, digərinin isə zibil konteynerinə yerləşdirildiyini açıqlayıb. Qurğular zərərsizləşdirilməyə hazırlanarkən partlayışlar baş verib.
Makron Bəşər Əsəd rejiminin 2024-cü ildə devrilməsindən sonra Suriyaya səfər edən ilk Qərbi Avropa lideridir. İyulun 7-də o, əş-Şəraa ilə görüşərək müharibədən sonrakı bərpa proseslərini müzakirə edib, ölkəni "birlik" və "müxtəlifliyə" çağırıb.
AFP-nin yazdığına görə, Makron görüşdən əvvəl mülki cəmiyyət nümayəndələri ilə də bir araya gəlib.
Əş-Şəraa Makronun səfəri zamanı Fransanı Dəməşqin mühüm tərəfdaşı kimi görmək istədiyini bildirib. Onun sözlərinə görə, ABŞ və İran arasındakı müharibə səbəbindən Hörmüz boğazı bağlandıqdan sonra Dəməşq mühüm tranzit qovşağı statusu qazanıb.
Fransa prezidentinin də qatıldığı iqtisadi forumda çıxış edən əş-Şəraa deyib: "Hörmüz boğazı ətrafındakı böhran şəraitində dünya təhlükəsiz və sabit dəhlizlərin dəyərini anladı. Bu gün qlobal nəqliyyat dəhlizləri bazarında əvəzolunmaz həlqə kimi öz mühüm rolunu qaytaran Suriyanın coğrafi mövqeyi xüsusilə diqqət çəkir".
Ötən il əş-Şəraa Makronun dəvəti ilə Parisə səfər etmişdi. Bu, onun Avropa İttifaqına ilk rəsmi səfəri idi. Həmin vaxt liderlər ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətində olduqlarını bildirmiş, Suriyanın suverenliyi və ərazi bütövlüyünə dəstəklərini bir daha təsdiqləmişdilər.