Makronla Lö Pen ikinci tura çıxır

TV-skrin

Lö Pen son həftələr Putindən fərqli mövqedə olduğunu, işğalı pislədiyini bildirib

Fransada prezident seçkisinin ikinci turunda vəzifədə olan prezident Emmanuel Makron ifrat sağçı siyasətçi Marin Lö Peni gözlənildiyindən daha çox səs fərqi ilə geri qoyub. Onlar bu ayın sonunda seçkinin ikinci turunda üz-üzə gələcəklər.

Makron birinci raundda 28.1-29.7, Lö Pen isə 23.3-24.7 faiz səs yığıb.

Aprelin 24-nə planlaşdırılan ikinci turda Avropa İttifaqının (Aİ) həm əhalisi, həm də istehsalın həcminə görə ikinci böyük ölkəsinin başçısının kim olacağı müəyyənləşdiriləcək.

Buna da bax: Avropa İttifaqı Putinin qızlarına sanskiyalar qoydu

Rusiya Ukraynanın işğalına başlayandan sonra Makron bu ölkənin prezidenti Vladimir Putinə qarşı sərt mövqe tutub, Moskvaya qarşı sərt sanksiyaları dəstəkləyib.

İşğaldan öncə Lö Penin Putinlə isti əlaqələri olub, partiyası illər öncə Rusiya bankından maliyyə alıb. Özü isə sanksiyalara qarşı çıxıb, onların Fransada ailələrə ziyan vurduğunu deyir.

Qərbin dünyada üç əsas enerji istehsalçısından biri Rusiyaya qarşı sanksiyalar nəticəsində neft və qazın qiyməti qalxıb, bu da istehlakçılara zərbədir.

Buna da bax: Sorğu: Rusiyalıların 41 faizi sanksiyaların təsirini hiss edir, amma...

Lö Pen son həftələr Putindən fərqli mövqedə olduğunu, işğalı pislədiyini bildirib.

Onun qələbəsi sağ-qanad populizminin zəfəri hesab olunardı. Ayın əvvəlində Macarıstanda baş nazir Viktor Orban, Serbiyada isə prezident Aleksandr Vuçiç seçkini udublar. Hər ikisi Putinin dostudur.

2017-ci ildə Makron seçkinin ikinci turunda Lö Peni 66 faizlə məğlub etmişdi. Ancaq budəfəki səsvermənin daha sərt keçəcəyi gözlənir, çünki ölkədə inflyasiya yüksəkdir, enerji qiymətləri artıb.