Maaşlar artırıldı

Sizin brauzer HTML5-i dəstəkləmir

'Ən aşağı maaş 700-800 manat olmalıdır'

Prezident İlham Əliyev bu gün, dekabrın 17-də dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20 faiz artırılır:

- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;

- Heydər Əliyev Mərkəzi;

- "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi;

- Azərbaycanda Atatürk Mərkəzi;

- Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

- Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;

- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

- Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu;

- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi;

- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi;

- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;

- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Quba şəhərində "Soyqırımı memorial kompleksi";

- Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;

- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;

- Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi;

- Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;

- Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;

- Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi;

- İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq.

Minimum əməkhaqqı artırılıb

Prezident habelə minimum əməkhaqqını da artırıb. Bu, 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib. Hazırda bu məbləğ 250 manatdır.

Müəllimlərin əmək haqları da çoxalıb

Prezidentin növbəti sərəncamında qeyd edilir ki, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor, direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz yüksələcək. Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları isə orta hesabla 40 faiz artırılmalıdır.

Bu sıraya dövlət peşə təhsili müəssisələrində çalışan, diaqnostik qiymətləndirilməsindən keçən müəllimlər, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilər də aid edilir. Onların 20 faiz, fiziki tərbiyə rəhbərlərinin 30 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları isə orta hesabla 40 faiz çoxalmalıdır.

Maaş artımının əhatə dairəsi…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, prezidentin bəzi təşkilatlarda əmək haqlarının 20 faiz artırılması ilə bağlı sərəncamının yerinə yetirilməsi məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub: "Bu təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır".

Nazirliyin açıqlamasına görə, minimum əməkhaqqının artırılması da təqribən 800 min çalışanı əhatə edəcək. Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir.

Əməkhaqqı artımı 165 min təhsil işçisini sevindirməlidir. Təhsil müəssisələrində çalışanların əməkhaqqı artımı ilə bağlı isə dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.