Fəhlələr “Akkord”dan pullarını belə aldılar

Illüstrasiya

►“Yığışmışıq şirkətin baş ofisinin qarşısına... Dedilər, gəlin, pullarınız veriləcək. Səhər saat 8-dən burdayıq. Heç kəs qarşımıza çıxmır"

Noyabrın 20-də “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasının Ağa Nemətulla küçəsində yerləşən baş ofisinin qarşısına 60 nəfərə yaxın keçmiş fəhlə toplaşaraq 3 ilə yaxındır yığılıb qalmış maaşlarını tələb edib.

Fəhlə Dilqəm Məmmədov AzadlıqRadiosunun “Qaynar xətt”inə deyir ki, Şəmkirdə su, kanalizasiya sisteminin qurulması layihəsində çalışıb. Layihəyə onun şəxsi texnikası da cəlb olunub. Hazırda şirkətdən 15 min manat alacağı var.

“Ayın 18-də gəldik, dedilər gedin, 2 gündən sonra gəlin. Gəlmişik, qabağa bir adam çıxmır. Bizimsə buradan tərpənmək fikrimiz yoxdur. Evdə xəstə, ac uşaqlar qoyub gəlmişik”.

Aqil Dadaşzadə:

“3 ildir süründürürlər. Elə ay, həftə yoxdur ki, bura gəlməyək. İnsafları olsun, hər dəfə yola xərc çəkib boş-boşuna gəlib gedirik. Bu gün də ümidlə gəlmişik. Saat 5-in yarısıdır. Bir azdan da deyəcəklər işçilər çıxıb getdi, dağılışın”.

Aqil Dadaşzadə deyir, şirkətin Şəmkir layihəsində iş icraçısı işləyib. İşdən 1 il 6 aydır çıxıb, ancaq şirkət ona olan 1650 manat borcu hələ də ödəməyib.

Buna da bax: Ermənistan rayonları qaytarır?

Fəhlələrin şikayətlərini şirkətin mətbuat xidmətinin rəhbəri Bəhruz Əliyevə çatdırdıq. Təqribən 15 dəqiqə sonra fəhlələr zəng vurub bildirdilər ki, pullarının müəyyən hissəsi artıq onlara ödənilib.

Şirkətin mətbuat xidmətinin rəhbəri Bəhruz Əliyev AzadlıqRadiosuna bildirib ki, müraciət edənlər şirkətin yox, Şəmkir layihəsində şirkətlə çalışan “SP Euro Saldo” subpodratçı şirkətin işçiləri olub:

“Akkord”un bilavasitə onlar qarşısında heç bir öhdəliyi yoxdur. Buna baxmayaraq, Korporasiya onların durumunu nəzərə alaraq problemin həll edilməsi üçün addım atıb və onlara müəyyən məbləğdə pulun ödənilməsini təmin edib”.

Bəhruz Əliyev bildirib ki, hazırda hər hansı bir narazılıq yoxdur.

HƏMÇİNİN BAX:

Azadliq A- Live programı Azərbaycanda və dünyada baş verənlər haqda