Rusiya Dövlət Dumasının deputatı Andrey Luqovoy Orta Asiya ölkələrini və Azərbaycanı rusofobiyada ittiham edib. Onun dediyinə görə, bu ölkələrin məktəbləri üçün tarix dərsliklərində belə narrativlər yer alır. AzadlıqRadiosunun Orta Asiya üzrə bölməsi – "Azattyq Asia" müşahidəçilərə istinadla yazır ki, deputatın ittihamları Rusiyanın informasiya gündəmi ilə üst-üstə düşür.
"Əhalisinin təxminən yarısını itirən, repressiyalar, aclıq, ekoloji fəlakətlər nəticəsində genofondu pisləşən, ruslaşdırma siyasətinin mənfi nəticələrini yaşayan qazax xalqı az qala qazax mədəniyyətinin əsasını təşkil edən mədəni-genetik kodunu və ənənəsini, deməli, özünü itirəcəkdi. Qazax xalqı modernləşmə naminə həddindən artıq böyük bədəl ödəyib". Deputat Luqovoy Qazaxıstanın orta məktəb tarix dərsliyindən bu mətni sitat gətirib, digər postsovet dövlətlərinin dərsliklərini də Rusiyaya informasiya müharibəsi kimi qiymətləndirib.
Deputat nəyə "rusofobiya" deyir
Qazaxıstan, Qırğızıstan, Tacikistan və Azərbaycanın dərsliklərində Rusiyanın müstəmləkəçilik siyasətindən söz açılması Luqovoyun xoşuna gəlməyib. Deputat çarizm dövrünün, məcburi kollektivləşmənin səbəb olduğu aclıq mövzusunun, Stalin repressiyalarının, xalqların deportasiyasının müzakirə olunmasını "rusofobiya" adlandırır. Onun fikrincə, Orta Asiya və Cənubi Qafqaz ölkələrinin sakinləri tarixi keçmişə görə Moskvaya minnətdar olmalı, bu keçmişi heç bir halda qurdalamamalıdırlar.
"Tarixi yenidən yazan kimdir? Böyük qələbə, sovet əsrinin nəhəng tikintiləri, ən ucqar aullara, kəndlərə və qəsəbələrə bilik gətirən rus müəllimləri haqqında yaddaşı silmək kimə sərf edir?", – Luqovoy YouTube videosunda sual edir.
Deputat Orta Asiyada tarix dərsliklərinin müəllifləri ilə "məşğul" olmağa çağırır. Luqovoy onların bəzilərinin hazırda Rusiyada olduğunu deyir. Sankt-Peterburq Dövlət Universitetində dərs deyən qazaxıstanlı Zarina Jandosova onlardan biridir. Luqovoyun fikrincə, o, Qərb xüsusi xidmət orqanlarının təsiri altındadır.
Orta Asiya və Azərbaycanın tarix dərslikləri
"İmperiyaçı başqa cür düşünə bilməz"
"Bu, imperiyaçıların kompleksdir", – bunu qazaxıstanlı hüquq müdafiəçisi Sergey Duvonov deyir. "İmperiyaçı başqa cür düşünə bilməz. "İmperiya zəif idi və dağıldı, amma indi biz onu yenidən toplamağa çalışırıq. Kimsə isə orada başqa tarix təqdim etməyə, bunun mənfi olduğunu göstərməyə çalışır. Biz isə bunu müsbət sayırıq və belə düşünürüksə, deməli, belə də edəcəyik. Razı olmayanlar müharibə görəcək". Ukrayna buna misaldır", – o əlavə edir.
"Azattyq Asia" yada salır ki, son illər Rusiya deputatları və təbliğatçıları Orta Asiya respublikalarının hakimiyyətlərini və vətəndaşlarını Kremlin siyasəti ilə razılaşmadıqlarına görə dəfələrlə tənqid ediblər. Bu hətta sırf daxili məsələlərlə bağlı da baş verib, məsələn, 9 May hərbi paradlarının keçirilməsi və ya keçirilməməsi vaxtı.
Təbliğatda əsasən "nankor" qonşular barədə fikir yürüdülür, xalqların öz müqəddəratını təyinetmə hüququ inkar edilir. 2022-ci ilin fevralından sonra Moskvadan səslənən bəzi çıxışlarda Ukrayna ssenarisinin təkrarlanması haqda açıq hədələr eşidilib.
Rəsmilər görməzdən gəlir
Amma Orta Asiya respublikaları Rusiya deputatlarının hərbi ritorikasını görməzdən gəlirlər. Qazaxıstan hökuməti 2020-ci ildə ilk belə bəyanatlardan sonra Moskvaya etiraz notası göndərmiş, bunun iki ölkə arasındakı müttəfiqlik münasibətlərinə ciddi zərər vurduğunu bildirmişdi. O zaman Duma üzvləri Vyaçeslav Nikonov və Yevgeni Fyodorov Qazaxıstanın əvvəllər, ümumiyyətlə, mövcud olmadığını, şimal torpaqlarının isə "Rusiyanın hədiyyəsi" olduğunu iddia etmişdilər.
Qazaxıstan parlamentinin deputatları isə qonşu ölkənin media fiqurlarının bu cür bəyanatlarına diqqət yetirməməyə çağırır, onları konkret reaksiya üçün yetərli hesab etmirlər.
Amma qazaxıstanlı politoloq Dosım Satpayev əmindir ki, Moskvanın postsovet dövlətlərinə münasibəti dəyişməyəcək. Təzyiq üsulları isə dəyişə bilər – hər şey Ukraynadakı müharibənin nəticəsindən asılı olacaq.