Belarus 250 məhbusu azad edir, Vaşinqton sanksiyaları yumşaldır

Belarusda azadlığa çıxan məhbusların bir neçəsi Con Koul ilə birlikdə.

Belarus 250 məhbusu azad edib. Onların sırasında siyasi məhbus Kim Samusenko və jurnalist Yekaterina Andreyeva da var. Bundan sonra Birləşmiş Ştatlar bir neçə Belarus qurumuna və ölkənin Maliyyə Nazirliyinə qarşı sanksiyaları ləğv edib.

ABŞ-nin xüsusi elçisi Con Koul martın 19-da Minskdə Belarus lideri Aleksandr Lukaşenko ilə görüşdən sonra "Belinvestbank" və Belarus İnkişaf Bankına sanksiyaların yüngülləşdirildiyini elan edib. "Belaruskali", "Aqrozkvit" kaliumlu gübrə istehsalçılarına və Belarus Potaş Şirkətinə bütün qalan sanksiyalar da ləğv olunub.

Koul 250 məhbusun buraxılmasını "prezident Donald Trampın birbaşa və sərt diplomatiyaya sadiqliyinin göstəricisi" adlandırıb. 250 nəfərin 15-i qonşu Litvaya göndərilib, qalanları Belarusda qalıb.

Tramp ötən ilin yanvarında Ağ evə qayıdandan Vaşinqton ilə Minsk arasında buzlar əriməyə başlayıb.

Dekabrda 123 məhbus azad edilib. 2020-ci il etirazlarının lideri Mariya Kolesnikova və Nobel mükafatı laureatı Ales Belyatski də onların içində idi.

Belarusda 2020-ci il prezident seçkisinin qalibi Lukaşenko elan ediləndən sonra ölkəni etirazlar bürüyüb. Ancaq nümayişlərə ağır divan tutulub.

Ölkədə hələ də yüzlərlə siyasi məhbusun həbsdə qaldığı bildirilir.

Aleksandr Lukaşenko Con Koulu qəbul edir.

Lukaşenko ABŞ elçisi ilə siyasi məhbusların buraxılmasını müzakirə edib

Belarusun avtoritar lideri Aleksandr Lukaşenko ABŞ-nin Belarus üzrə xüsusi elçisi Con Koul ilə siyasi məhbusların buraxılmasını müzakirə edib.

"İkitərəfli əlaqələrimizi müzakirə edirik, səfirliyin normal işinin bərpasından tutmuş, "siyasi" adlanan məhbusların buraxılmasınadək. Baxmayaraq ki bizdə belə maddələr yoxdur", – "BelTA" dövlət agentliyi Lukaşenkodan sitat gətirir.

O deyib ki, ABŞ dövlət katibinin köməkçisinin müavini Kristofer Smit siyasi məhbus məsələsini "çox nəzarətdə saxlayır".

"Amma sizinlə bu problemi qiyabi, yazışmalarda müzakirə etdik. Fikrimcə, əsasən müəyyən mövqeyə gəldik. Belarus tərəfi sizinlə razılaşmalarımıza əməl etməyə hazırdır. Məncə, burada xüsusi problem yoxdur", – Lukaşenko əlavə edib.

C.Koul Minskə Litvadan gedib. Orada baş nazir İnqa Ruqinene ilə görüşüb. Koulun Belarusa öncəki səfərləri zamanı siyasi məhbuslar azad edilərək Litvaya təhvil verilib. ABŞ isə cavabında Belarusa bəzi sanksiyaları qaldırıb.

"Vesna" insan haqları təşkilatının məlumatına görə, martın 18-də azı iki koloniyadan siyasi məhbuslar çıxarılıb. Litvanın baş naziri deyib ki, bu görüşün "çox yaxşı təsiri olacağını düşünməyə əsasları var".

"BelTA" Koula istinadla yazır ki, o, Lukaşenko ilə onun Birləşmiş Ştatlara mümkün səfərini müzakirə ediblər və tərəflər bunun təşkili üzərində işləyəcəklər.