İsveçli müğənni Loreen “Eurovision 2023” mahnı müsabiqəsinin qalibi olub.
Onun "Tattoo" mahnısı tamaşaçıların səsverməsinin nəticələrinin açıqlanmasından sonra 583 xal toplayaraq birinci yeri tutub.
Bu, müğənninin Eurovision-da ikinci qələbəsidir. Loreen ilk dəfə 2012-ci ildə "Euphoria" mahnısı ilə Azərbaycanın paytaxtı Bakıda keçirilən “Eurovision 2012”mahnı müsabiqəsinin qalibi olub.
Liverpulda isveçli ifaçıya növbəti qələbəsini qazandıran "Tattoo" mahnısı iki insanın sevgisindən və xoşbəxt olmaq üçün keçməli olduqları sınaqlardan bəhs edir.
İkinci yeri finlandiyalı müğənni Käarijä tutub. 37 ölkədən tamaşaçılar və münsiflər heyəti onun "Cha Cha Cha" bəstəsini 526 balla qiymətləndiriblər.
Mahnı müsabiqəsinin finalında üçüncü yeri israilli müğənni Noa Kirel tutub - onun "Unicorn" mahnısı 362 xal toplayıb. Azərbaycan İsrailə 12 bal səs verib.
"Eurovision-2023" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı əkiz qardaşlar "TuralTuranX" dueti təmsil edib. Amma onlar finala çıxa bilməyiblər.
Azərbaycan 2011-ci ildə "Eurovision" Mahnı Müsabiqəsinin qalibi olub. Ölkəni təmsil edən Eldar & Nigar cütlüyünün müsabiqədə ifa etdikləri "Running Scared" mahnısı finalda 221 xalla birinci yeri tutub.
Ukraynadan olan iştirakçı TVORÇİ qrupu altıncı yeri tutub. Onun "Heart of Steel" mahnısı 243 bal toplayıb.
İtaliyanın Turin şəhərində keçirilən bundan əvvəlki “Eurovision 2022” mahnı müsabiqəsinin qalibi “Stefania” mahnısı ilə Ukraynanın “Kaluş Orkestri” qrupu olub.
Buna da bax: EUROVİSİON 2011: AZƏRBAYCAN QALİB GƏLDİ!Müsabiqənin qaydalarına əsasən, Ukrayna növbəti “Eurovision”a ev sahibliyi etməli idi, lakin ölkədəki müharibə səbəbindən təşkilatçılar festivalı ötən ilin yayında Liverpulda keçirmək qərarına gəliblər.
Rusiya ötən il olduğu kimi bu il də “Eurovision”da iştirak etməyib – müsabiqənin təşkilatçıları Rusiya hərbçilərinin Ukraynada davam edən hərbi təcavüzü səbəbindən yenidən ölkəni dəvət etməmək qərarına gəliblər.
Bu müsabiqədə Rusiyadan başqa Belarus da iştirak etməyib.