Martın 22-də Londonun mərkəzində bir avtomobilin piyadaların üstünə sürülməsi nəticəsində 3 nəfər ölüb, azı 40 nəfər yaralanıb.
Bundan sonra hücum edən şəxs Britaniya parlamenti yaxınlığında polis nəfərini bıçaqlayıb.
Hücum edən polis tərəfindən güllə ilə vurularaq öldürülüb. Bıçaqlanmış polis əməkdaşının da həyatını xilas etmıək mümkün olmayıb.
Beləliklə polisin “terror aktı” adlandırdığı hücumun nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Vestminister körpüsünün üstündə hücumdan dərhal sonrakı mənzərəni şahidlərdən biri çəkib:
Hücum edən şəxs Vestminister körpüsünün üstündə piyadaları vurduqdan sonra maşını parlament binasının yaxınlığına sürmüşdü.
O əlində böyük bıçaqla parlamentin binasına daxil olmağa cəhd göstərib və burada binanı mühafizə ediən polislər tərəfindən vurulub.
Hadisə əsnasında bir qadın Temza çayından çıxarılıb.
Yaralıların arasında 15 və 16 yaşlarında olan fransalı məktəblilər də var.
Reuters-in müxbirləri körpünün üstündə onadək yaralı gördüklərini xəbər verirlər.
Onlardan bəzilərinin ağır xəsarət aldığı, bir nəfərin isə avtobusun altında qaldığı xəbər verilir.
Bundan əvvəl xəbər verilmişdi ki, bir avtomobil körpünün üstündə gəzən onlarla piyadaya çırpılıb və daha sonra eyni avtomobil Vestministerin darvazalarına çırpılıb.
Silahlı polis hadisə yerini mühasirəyə alıb.
Hadisə zamanı Britaniya parlamentinin alt palatasında iclas gedirdi. Parlamentin sessiyası dayandırılıb və millət vəkillərindən binada qalmaları xahiş olunub.
Baş nazir Theresa May-in təhlükəsizlikdə olduğu bildirilir. Bəzi məlumatlara görə xanım May dərhal parlament binasından evakuasiya edilib.
Təcili tib yardımı helikopteri parlamentin qarşısındakı meydançaya enib.
BBC xəbər verir ki, parlament binasının yaxınlığında şübhəli maşın olub, lakin polis bu xəbəri hələlik təsdiq etməyib.
Müxbirlər deyirlər ki, hadisənin eyni vaxtda bir neçə yerdə baş verdiyini düşünmək olar.
Vestminister körpüsü turistlərin ən çox toplaşdığı yerlərdən biridir. Turistlər buradan parlament binalarının və Big Benin şəkillərini çəkirlər.
Bu da qeyd olunur ki, insident Belçikada Brüssel hücumunun birinci ildönümü gününə təsadüf edib.
Britaniya hazırda ən yüksək təhlükə həyəcanı vəziyyətindədir.
2013-cü ildə iki britaniyalı islamçı cənub-şərqi Londondakı küçələrdən birində əsgər Lee Rigby-ni bıçaqlayaraq öldürmüşdülər.
2005-ci ilin iyulunda 4 Britaniya doğumlu islamçı intihar partlayışları törətmiş və London metrosu və avtobuslarında 52 sərnişinin həyatına son qoymuşdular.