Liviyada Qəddafinin oğlu öldürülüb

Səif Qəddafi Tripolidə tərəfdarları arasında. 2011

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Səif Qəddafi öldürülüb. AFP xəbəri S.Qəddafinin qohumlarına, onun müşavirinə istinadla yayıb.

53 yaşlı Qəddafinin Liviyanın qərbində, Zintan şəhəri yaxınlığında, öz bağında güllələndiyi bildirilir.

S.Qəddafi 1979-2011-ci illərdə Liviyanı idarə etmiş Müəmmar Qəddafinin ikinci oğludur. O, rəsmi dövlət vəzifəsində olmayıb, 2011-ci ildə Qəddafi rejimi devrilənədək xarici siyasət danışıqlarına, daxili məsələlərə rəhbərlik edib.

Rejimin süqutundan sonra Səif saxlanılıb, mülki əhaliyə qarşı cinayətlərə görə ölüm cəzasına məhkum edilib. 2017-ci ildə onun azadlığa çıxdığı bəlli olub. 2021-ci ildə o, Liviya prezidenti vəzifəsinə namizədliyini irəli sürəcəyini açıqlayıb, amma seçkilər təxirə salınıb.

Liviyada 2011-ci ildən vətəndaş müharibəsi, siyasi qeyri-sabitlik qalır. Ölkədə hakimiyyət bir neçə qüvvə arasında bölünüb: paytaxt Tripoli daxil olmaqla ölkənin qərb hissəsinə BMT-nin dəstəklədiyi Milli Birlik Hökuməti nəzarət edir, şərq hissəsinə isə Xəlifə Həftar və onun Liviya Milli Ordusu nəzarət edir.

Türkiyə, ABŞ, bir sıra digər ölkələr Rusiyanı Liviyadakı münaqişəyə müdaxilədə, bundan ötrü "Vaqner" özəl hərbi şirkətinin qüvvələrindən yararlanmaqda ittiham ediblər.