Leyla və Arif Yunuslar axtarışa verilə bilər

Leyla Yunus və Arif Yunus

Bir müddət əvvəl Ali Məhkəmə hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun şərti cəza ilə azadlığa buraxılması haqda qərarı ləğv edib, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdi. Ona görə də, aprelin 19-da Bakı Apellyasiya Məhkəməsində Yunusların işi üzrə yenidən məhkəmə başlayıb.

Məhkəmə prosesinə sədrlik edən hakim Mirpaşa Hüseynov Leyla və Arif Yunusların iştirakı məsələsini müzakirə edərkən, vəkil Elçin Sadıqov deyib ki, bu işdə prokurorluğun protesti və ya zərərçəkmişin şikayəti olmayıb. Yəni, təqsirləndirilənlərin cəzasını ağırlaşdırmaq məqsədilə yuxarı instansiya məhkəməsinə şikayət verilməyib. Ona görə də, apellyasiya baxışı onların iştirakı olmadan keçirilə bilər.

«ÖZLƏRİNİN İŞTİRAKI MƏQSƏDƏUYĞUNDUR»

Dövlət ittihamçısı Abbas Abbaslı isə bu məsələdə fərqli fikirdədir: «Ali Məhkəmə öz qərarında apellyasiya baxışında məhkəmə istintaqının zəruriliyini qeyd edib. Məhkəmə istintaqı aparıldığı halda, onların özlərinin iştirakı məqsədəuyğundur».

***Buna da bax-Leyla Yunus: 'Mən deyərdim ki, İlham Əliyev qaçdı...'

Yunusların vəkili E.Sadıqov iş materiallarında bir sıra sənədlərin surətinin ona verilməsi haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, Ali Məhkəmədə də bu haqda vəsatət qaldırıb, konkret istədiyi sənədlərin siyahısını da təqdim eləmişdi. Amma Ali Məhkəmə vəsatətə münasibət bildirmədi: «Halbuki, müdafiə hüququnun təmin olunması baxımından bu vacibdir».

Elçin Sadıqov

Müdafiəçinin vəsatəti təmin olunub. Məlum olub ki, vəkilin surətini istədiyi sənədlər 300 səhifədən çoxdur. Vəsatətin icrası məqsədilə məhkəmə mayın 3-nə qədər təxirə salınıb.

***Buna da bax-Leyla Yunus: 'İlham Əliyev təhlükəli yolla gedir'

Vəkil E.Sadıqov istisna etmir ki, Ali Məhkəmənin işi yenidən apellyasiya baxışına göndərməsində məqsəd Leyla və Arif Yunusları axtarışa verməkdir: «Ali Məhkəmə qərarında birbaşa yazmayıb ki, apellyasiya şikayətinə məhkəmə istintaqı aparmaqla baxılmalıdır. Məncə, bu bəhanə onları axtarışa vermək məqsədi güdür».

XATIRLATMA

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin yayında həbs olunublar. Onlar vergidən yayınma və başqa iqtisadi cinayətlərdə ittiham ediliblər. Hüquq müdafiəçiləri ittihamları qəbul etməyiblər.

2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib.

Həmin il dekabrın 9-da Apelyasiya Məhkəməsi həbs müddətini şərti cəza ilə əvəz edib. Aprelin 19-da cütlük müalicə məqsədilə Azərbaycanı tərk edib.

Bundan sonra Leyla Yunus Azərbaycanda həbsdə olan «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırovun, bəzi başqa dindarların və siyasətçilərin beynəlxalq müdafiəsində yaxından iştirak etməyə başlayıb.