'Leyla Şıxlinskaya'nın işçiləri məhkəmə qarşısında - 700 min manatlıq suçlama

Leyla Şıxlinskaya

Xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi eyniadlı klinikanın işçilərinin məhkəməsi başlayır. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Cinayət işinin materialları artıq məhkəməyə göndərilib, yaxın günlərdə hazırlıq iclası keçiriləcək.

Təqsirləndirilənlərin sayı 6 nəfərdir, onların arasında klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova da var. Onlara CM-nin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib.

Keçmiş işçiləri Leyla Şıxlinskayanın şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunub. Xalq artisti onları 700 min manatlıq mənimsəmədə günahlandırır. Amma keçmiş işçilər də ittihamları qəbul etmir və Leyla Şıxlinskayanın onları şərlədiyini deyirlər.

Təqsirləndirilən şəxslərdən «Leyla Şıxlinskaya»nın keçmiş baş mühasibi, 4 il öncə xalq artisti ilə aralarındakı narazılıqdan sonra işdən çıxan Şəhla Abbasova mətbuata müsahibəsində klinikada «qara mühasibatlıq» olduğunu, nəticədə vergidən yayınma halları baş verdiyini demişdi. Bundan sonra klinikanın rəhbəri onu mənimsəmədə günahlandıraraq hüquq-mühafizə orqanlarına şikayət etmişdi.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində klinikanın keçmiş işçiləri ilə bağlı araşdırma aparılarkən vergidən yayınma halları aşkarlanıb. Bununla əlaqədar cinayət işi ayrılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Vergidən yayındırıldığı iddia olunan məbləğin isə 2 milyon manatdan çox olduğu bildirilir.

L.Şıxlinskaya rəhbərlik etdiyi klinikaya qarşı vergidən yayınma ittihamı ilə cinayət işi başlandığını mediaya təsdiqləyib.

«Mənim günahım varsa, cavab verməli olacam. Klinikada maliyyə məsələlərinə cavabdeh deyiləm. İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq, maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur. Sənədlərə direktor, baş həkim və baş mühasib imza ata bilər», – Şıxlinskaya belə deyib.