Deputat: 'Yersiz, əyalət səviyyəsində verilən sual idi'

Anar Həsənov

«Lider» televiziyası təkzib edir, müxbirsə susur. Söhbət Rusiyanın xarici işlər naziri Sergei Lavrov-a verdiyi suala görə telejurnalist Anar Həsənovun işdən çıxarılmasından gedir. Jurnalist bir gün öncə AzadlıqRadiosuna, sadəcə, artıq televiziyanın əməkdaşı olmadığını söyləyib, əlavə suallara cavab verməyib.

«ONLARIN DAXİLİ İŞİDİR»

Bu arada «Lider TV»nin Xəbərlər Departamentinin rəhbəri Anar Şükürov «Yeni Müsavat» qəzetinə Anar Həsənovun S.Lavrov-a verdiyi suala görə işdən çıxarılmadığını bildirib. O, jurnalistin işdən çıxarılma səbəbini isə açıqlamayıb: «Polad Bülbüloğlunun təqdimatı ilə guya onun azad edildiyi barədə deyilənlər də tam həqiqətə uyğun deyil. Olsaydı, ən azından xəbərimiz olardı. Hər bir idarə, müəssisələrdə işdən azadetmə necədirsə, burada da elə olub».

Buna da bax-Anar Həsənov: 'Bəli, mən artıq 'Lider' telekanalında işləmirəm'

AzadlıqRadiosunun əməkdaşı bir neçə dəfə «Lider TV»yə zəng vurub, şirkətdən rəhbərlikdən heç kimin işdə olmadığı bildirilib. İşdən çıxarılan Anar Həsənov da danışmaq istəməyib.

Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev AzadlıqRadiosuna deyib ki, onlar televiziyanın kadr siyasətinə qarışmırlar: «Bu onların daxili işidir. Üstəlik də, televiziya rəhbərliyi bu deyilənləri təkzib edib, ona görə bu məsələyə şərh vermək düz olmazdı».

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da mətbuata açıqlamasında jurnalistin sualı düzgün qoymadığını bildirib. Onun deputat həmkarı Rasim Musabəyov da eyni mövqedədir. Anar Həsənovun «əyalət səviyyəsində və yersiz sual» verdiyini düşünür:

Rasim Musabəyov

– O sualı Rusiya xarici işlər nazirinə deyil, lap ABŞ dövlət katibinə də versəydi, buna bənzər cavab alacaqdı. Bu sualı verməklə Azərbaycana xeyir gətirməkdənsə, erməniləri daha da ruhlandırdı. Jurnalistin məhz sualı bu cür qoyması Lavrov-un belə cavab verməsinə səbəb verdi. Amma buna görə jurnalisti işdən çıxarmağı düzgün saymıram. Sual səhvdir, yetərincə düşünülmədən verilmişdi, bu ayrı məsələ, buna görə peşəkarlar, jurnalistlər, politoloqlar onu qınaya bilər. Ancaq yenə deyirəm, bu suala görə işdən çıxarılmasını, açığı, düzgün hesab etmirəm.

– Rasim bəy, Anar Həsənov o sualı verməsə də, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyi, yanaşması bəlli deyilmi? Bir cavab nəyi dəyişəcək ki?

– Kimdən soruşsan ki, «mən hərbi əməliyyatlara başlamaq istəyirəm», ona hansı cavab veriləcəkdi? Təbii ki, cavab mənfi olacaq. O ayrı məsələ ki, Lavrov bunu birtərəfli şəkildə şərh edir. Bu, düzgün mövqe deyildi. Lavrov erməniləri işğalçı mövqeyindən çəkindirməkdən ötrü səylər göstərməlidir. Jurnalistin həmin sualı verməsinin səbəbi də odur ki, Rusiyanın erməniləri ağla, yola gətirmək istəyi yoxdur! Məsələ budur. Amma bizə bəlli deyilmi ki, ermənilərin himayədarı Rusiyadır? Lavrov-a həmin sualı verməklə nə əldə olundu?

Sizin brauzer HTML5-i dəstəkləmir

Rasim Musabəyov: 'Bu sualı verməklə erməniləri daha da ruhlandırdı'

– Ən azından, həmsədr ölkənin mövqeyi bir daha ucadan səsləndi.

– Bir yenilik oldumu? Sadəcə, bu cavab erməniləri ruhlandırdı. Yersiz, əyalət səviyyəsində verilən sual idi.

Deputat Araz Əlizadə isə «şayiələrə» şərh vermək istəmədiyini bildirib.

S.Lavrov

XATIRLATMA

Bir neçə gün öncə Rusiya xarici işlər nazirinin mətbuat konfransında Anar Həsənov Sergei Lavrov-dan soruşub: «Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi halda Moskva necə hərəkət edəcək - buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?».

Nazir isə demişdi: «Dağlıq Qarabağda güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil».

Adı məsələdə hallanan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə danışmaq da mümkün olmayıb. Onun mobil telefonuna cavab verən şəxs AzadlıqRadiosunun əməkdaşına səfirin görüşdə olduğunu bildirib. Səfir özü isə indiyədək xəbərə münasibət bildirməyib.

Azərbaycanın Rusiyadakı səfirliyindənsə olke.az-a deyiblər ki, jurnalistin işdən çıxarılmasıyla bağlı sual onlara yox, «Lider TV»yə ünvanlanmalıdır: «Səfirlik öz işi ilə, diplomatik fəaliyyətilə məşğuldur».