Ceyhun Bayramovla Sergey Lavrov danışıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov (solda) və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov

Noyabrın 8-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirlər 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın bir ilinin tamam olması astanasında həmin sənədin icrası ilə bağlı məsələləri müzakirə ediblər:

“Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.”

2020-ci ildə, İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.