Mayın 19-da NATO-ya məxsus hərbi təyyarə Estoniya üzərində Ukraynaya aid olduğu ehtimal edilən dronu vurub. Məlumatı Estoniya yayıb. Bu, Ukraynanın Rusiyaya hücumları fonunda regionda hava məkanının növbəti pozuntusudur.
Eyni zamanda qonşu Latviya da dron təhlükəsi səbəbindən Rusiya sərhədinə yaxın ərazilərdə yaşayan əhaliyə evdən çıxmamağı məsləhət görüb.
Latviya ordusunun məlumatına görə, NATO-nun Baltik Hava Patrulu missiyasına aid qırıcılar bölgəyə göndərilib.
Ukrayna Rusiyaya, o cümlədən Baltik regionu yaxınlığına uzaqmənzilli dron hücumlarını artırıb. Martdan bəri Ukraynaya məxsus bir neçə dron Rusiya ilə sərhəddə yerləşən NATO üzvləri – Finlandiya, Latviya, Litva və Estoniyanın hava məkanına daxil olub. Ötən həftə Latviya hökuməti məhz bu insidentlərə qarşı vaxtında lazımi tədbirlər görə bilmədiyi üçün istefa verib.
Yaranmış gərginlik fonunda Ukrayna prezidenti Volodimir Zelenski ötən həftə Kiyevin Latviya səmasının qorunmasına dəstək məqsədilə bu ölkəyə xüsusi mütəxəssislər göndərəcəyini bəyan edib.
Finlandiya rəsmiləri mayın 15-də paytaxt regionunda şübhəli PUA fəaliyyəti barədə məlumat yayaraq insanlara evdə qalmağı tövsiyə edib. Həmin gün Helsinki hava limanında uçuşlar üç saatlıq dayandırılıb. Finlandiya Müdafiə Qüvvələri qırıcı təyyarələri və operativ xidmətləri səfərbər etsə də, heç bir dron aşkarlanmayıb.
Rezeknedə dron hücumundan sonra neft çənlərinə dəyən zərər
11 may
Dron insidentindən sonra Latviyanın müdafiə naziri vəzifədən kənarlaşdırılıb
Latviyanın müdafiə naziri Andris Spruds ötən həftə Rezekne şəhərində neft bazasına dron düşməsi ilə əlaqədar vəzifəsindən kənarlaşdırılıb.
Ölkənin baş naziri Evika Silina mayın 10-da Sprudsun istefasını tələb edib. Latviya mediasının yazdığına görə, baş nazir müdafiə nazirinin onun və cəmiyyətin etimadını itirdiyini bildirib. Bundan 12 dəqiqə sonra keçirilən mətbuat konfransında Spruds istefasını açıqlayıb.
Hakim koalisiyanın kiçik tərəfdaşı olan "Proqressivlər" partiyasını təmsil edən nazir dronun vurulmamasına görə məsuliyyətini etiraf edib və istefa qərarı qəbul olunarsa, buna hörmətlə yanaşacağını bildirib. Məsələnin mayın 11-də baş nazirlə görüşdə müzakirə olunacağı gözlənilsə də, Silina bunu gözləməyib. "Delfi"nin məlumatına görə, o, müdafiə naziri postuna hərbi əməkdaşlıq üzrə ştatdankənar müşaviri, əvvəllər isə Müdafiə Nazirliyinin Ukraynadakı nümayəndəsi olmuş polkovnik Raivis Melnisi namizəd göstərib.
Latviya hərbçiləri ölkənin hava məkanına daxil olan dronları təhlükəsizlik səbəbləri ilə vurmadıqlarını bildiriblər. Spruds isə "dronları vurmaq lazımdır" deyərək bunun baş verməməsinə görə qismən məsuliyyət daşıdığını vurğulayıb.
Ötən həftə Rusiyadan Latviya ərazisinə üç-beş dron keçib. Bunların Rusiyadakı hədəflərə zərbələr endirmək üçün göndərilmiş Ukrayna dronları olduğu təsdiqlənib. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib ki, "araşdırma Rusiya radioelektron mübarizə sisteminin Ukrayna dronlarını qəsdən Rusiyadakı hədəflərdən yayındırdığını təsdiqləyib".
Bundan əvvəl Estoniya ilə bağlı oxşar insidentlər baş verib. Rəsmi Riqa bildirib ki, Ukrayna belə halların qarşısını almaq üçün daha çox addım ata bilər.
7 may
Latviyada dron həyəcanı: Ukrayna PUA-sı neft bazasına çırpılıb
Mayın 7-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya 102 dron buraxıb, onlardan 92-si zərərsizləşdirilib. Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
Mayın 7-də səhər Rusiya istiqamətindən gələn iki dron Latviyanın hava məkanına keçərək sərhəd yaxınlığında yerə düşüb. Bu barədə "Delfi" nəşri ölkənin Milli Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.
İnsident Ukrayna dronlarının Rusiyadakı hədəflərə zərbələr endirdiyi bir vaxtda qeydə alınıb. Latviyanın müdafiə naziri Andris Spruds LSM telekanalına deyib ki, ilkin ehtimala görə, bu dronlar Ukrayna tərəfindən Rusiyada hədəfləri vurmaq üçün buraxılıb. Nazir əlavə edib ki, hadisə ilə əlaqədar NATO-nun Baltikyanı ölkələr üzrə hava patrulu missiyasının qırıcıları havaya qaldırılıb.
Latviyanın Dövlət Yanğın və Xilasetmə Xidməti Rezekne şəhərindəki neft bazasında mümkün yanğınla bağlı bir neçə məlumat aldığını açıqlayıb. Xilasedicilər ərazidə açıq yanğın qeydə almasalar da, zədələnmiş çənlərdən birində soyutma işləri aparıblar. Yerli rəsmi dronlardan birinin "East-West Transit" şirkətinin filialının ərazisində boş neft çəninə çırpıldığını deyib.
Latviya şərqdə Rusiya və Belarusla həmsərhəddir. Gecə saatlarında sərhədyanı bölgələrin sakinlərinə hava məkanı ilə bağlı mümkün təhlükə ilə bağlı mobil xəbərdarlıqlar göndərilib. Şahidlər səmada mühərrik səsləri, qığılcım və partlayışa bənzər güclü gurultu eşitdiklərini bildiriblər.
Latviyaya düşən ikinci dron hələ də axtarılır.