Noyabrın 27-də səhər saatlarında naməlum dron Latviyanın hava məkanını qısa müddətə pozub. Bu barədə ölkənin Silahlı Qüvvələri məlumat yayıb. Avropa İttifaqı və NATO üzvü olan bu ölkənin hava məkanında artıq bir neçə dəfədir belə hallar yaşanır.
Ordu buna cavab olaraq NATO qırıcılarının və tutucu dronun havaya qaldırıldığını açıqlayıb. Ölkənin şərqində yerləşən Ludza bələdiyyəsində hava həyəcanı elan edilib, amma az sonra ləğv olunub.
Həmin vaxt Rusiya Leninqrad vilayətində dron hücumunu dəf edib. Vilayətin qubernatoru Aleksandr Drozdenko 40-dan çox dronun zərərsizləşdirildiyini bildirib.
Bu hadisə Ukraynadakı müharibənin ölkə hüdudlarından kənara yayılması ilə bağlı narahatlıqlar fonunda baş verib.
Bu həftə Polşa da Rusiyaya məxsus kəşfiyyat dronunun qısa müddətə sərhədi keçdiyini bildirib, Moskvanı ölkənin hava məkanını qəsdən pozmaqda ittiham edib.