NATO qırıcıları ilk dəfə Latviyanın hava məkanına daxil olan dronu zərərsizləşdiriblər. Bu barədə iyunun 8-də səhər saatlarında Latviya hərbi rəsmiləri məlumat yayıb.
Baltik səmalarında NATO missiyası çərçivəsində növbə çəkən Fransa qırıcıları hava məkanını pozan dronu vurublar. Aparat Latviyanın şərqində məhv edilib.
Latviya KİV-lərinin yazdığına görə, dron Rusiyanın radioelektron mübarizə vasitələrindən istifadə etməsi nəticəsində ölkə ərazisinə daxil olub. Bu, böyük ehtimalla, Ukraynaya məxsus dronlardan getdiyini göstərir. Son vaxtlar Rusiyadakı hədəflərə qarşı buraxılan, amma sonradan Latviya ərazisinə daxil olan Ukrayna dronları ilə bağlı belə hadisələr mütəmadi baş verir. İlk dəfədir ki, belə bir dron vurulur.
İyunun əvvəlində Latviya ərazisinə daxil olan dronun vurulmaması hökumət böhranına səbəb olmuş, nəticədə hökumətin tərkibi və baş nazir dəyişmişdi.
"DELFI"nin məlumatına görə, iyunun 8-də səhər Ludza və Rezekne bölgələrinin sakinlərinə hava məkanında təhlükə ilə bağlı "narıncı" xəbərdarlıq göndərilib. Bu xəbərdarlıq insanların sığınacaq axtarmalı olduğunu bildirir. Daha sonra hakimiyyət orqanları təhlükənin aradan qalxdığını açıqlayıb.
Moldova da dron hadisəsi ilə bağlı məlumat verib
İyunun 8-nə keçən gecə Moldova hava məkanında pilotsuz uçuş aparatı (PUA) qeydə alınıb. Müdafiə Nazirliyinin məlumatına görə, havada partlayan dronun qalıqları ölkə ərazisinə düşüb. Ölən və ya yaralanan olmayıb.
Moldova Xarici İşlər Nazirliyi PUA-nın Ukrayna ordusuna məxsus ola biləcəyini açıqlayıb. Amma Kişinyov münaqişəni başladan tərəf kimi insidentə görə məsuliyyətin tam olaraq Rusiyanın üzərinə düşdüyünü vurğulayıb.