Xameneiyə aid edilən mesajda deyilir ki, yüksəkvəzifəlilərinin qətlinin bədəli olacaq

İran televiziyasında Müctəba Xameneinin müraciəti

İranın Ali lideri Müctəba Xameneiyə aid edilən mesajlarda İranın yüksəkvəzifəli şəxslərinin öldürülməsinə reaksiya verilib.

AzadlıqRadiosunun fars xidməti İran mediasının iki yazılı mesaj dərc etdiyini bildirir. Bu mesajların ölkənin yeni təyin olunmuş Ali lideri M.Xameneiyə aid olduğu deyilir. Onlarda ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və "Bəsic" milis qüvvələrinin rəhbəri Qulamrza Süleymaninin ölümü ilə bağlı başsağlığı verilir.

"Reuters"in məlumatına görə, mesajlardan biri Xameneinin Telegram hesabında dərc olunub. Mesajda İranın qisas alacağı deyilir, "tökülən hər damla qanın qiyməti var, bu şəhidlərin cinayətkar qatilləri tezliklə bunun bədəlini ödəyəcəklər", – deyə vurğulanır.

Xamenei martın 8-də İslam Respublikasının üçüncü ali lideri elan edilib. Amma o vaxtdan onun nə fotosu, nə də səs yazısı yayımlanıb, yalnız dövlət mediası yazılı açıqlamalarını yayıb.

ABŞ prezidenti Donald Tramp bu həftə deyib ki, Xameneinin sağ olub-olmadığı bəlli deyil. Müdafiə naziri Pit Heqset isə onun şikəst edildiyini iddia edib.