ABŞ-İran danışıqlarından sonra Laricani Omana gedir

Əli Laricani

İranın ali dini lideri Əli Xameneinin müşaviri, Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-İran danışıqlarından sonra Omana səfər edəcək. Xəbəri İranın yarımrəsmi "Tasnim" agentliyi yayıb.

ABŞ və İran diplomatları ötən həftə Məsqətdə Omanın vasitəçiliyi ilə təmasda olublar. Bu danışıqlar ABŞ-nin İran yaxınlığında hərbi-dəniz qüvvələrini artırması, Tehranın hücum olacağı halda, sərt cavab verəcəyinə dair bəyanatları fonunda keçirilib.

Danışıqların növbəti raundunun tarixi və yeri hələlik açıqlanmayıb.

İran və ABŞ ötən il Tehranın nüvə proqramının məhdudlaşdırılması üçün beş raund danışıq aparıblar. Sonradan İran ərazisində uranın zənginləşdirilməsi ilə bağlı fikir ayrılıqlarına görə dayanıb. İyunda ABŞ İsrailin 12 gün çəkən bombardmanın sonunda İranın nüvə obyektlərinə zərbələr endirib.

Tehran zənginləşdirmə fəaliyyətini dayandırdığını, nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını bildirir.

ABŞ danışıqlara İranın ballistik raket arsenalının da salınmasını istəyir, Tehran bunu qəti rədd edib.

Əli Laricani Xameneinin rəhbərliyi dövründə parlament sədri, İranın nüvə proqramı üzrə əvvəlki beynəlxalq danışıqlarda əsas təmsilçi olub.

Xamenei fevralın 9-da telemüraciətində iranlıları fevralın 11-də İslam İnqilabının 47-ci ildönümü tədbirlərində iştirak etməyə çağırıb.