Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələri Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərində mühəndis işləri görən traktoru atəşə tutub.
Açıqlamaya görə, Azərbaycan ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri cavab tədbirləri görüb.
Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.
Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqı (Aİ) və ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma tərəflər arasında sülh sazişi imzalanmayıb. Sonuncu belə danışıqlar isə bu həftə ABŞ-ın paytaxtı Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində aparılmışdı.
İki ölkə arasında sərhəd mübahisələri də davam edir.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona (Laçın rayonu daxil) nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.