Laçın rayonunda Azərbaycan-Türkiyə birgə təlimi başlayıb. Bu barədə bu gün, sentyabrın 6-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə taktiki təlim başlayıb: "Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib".
Açıqlamaya görə, təlimdə müasir hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.
Azərbaycanla Türkiyə arasında tez-tez hərbi təlimlər keçirilir. Amma birinci dəfədir ki, belə təlim Azərbaycanın işğaldan azad edilən ərazisində baş tutur.
Təlimin nə vaxt başa çatacağı, hələlik, açıqlanmayıb.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsini və ətraf 7 rayona nəzarəti bərpa edib. (Laçın rayonu daxil. Amma Laçın rayonunda dəhliz yaradıldığından və orada Rusiya hərbiçiləri yerləşdiyindən rayon mərkəzi Azərbaycanın faktiki nəzarətinə keçməyib) Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.