Laçına şəxsi avtomobillə getməyə icazə verildi

Laçın

Aprelin 27-dən vətəndaşlar öz şəxsi avtomobilləri ilə Laçın şəhərinə gedə biləcəklər.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyi birgə məlumat yayıb.

"27 aprel 2024-cü il tarixindən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhəri və Suqovuşan qəsəbəsi ilə yanaşı, artıq Laçın şəhərinə də səfər edə biləcəklər. Vətəndaşlar səfər üçün icazəni 26 aprel tarixindən başlayaraq "Yolumuz Qarabağa" portalı üzərindən əldə edə bilərlər", - məlumatda bildirilir.

Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti iki gün nəzərdə tutulub.

Laçın şəhəri 18 may 1992-ci ildən Ermənistan Silahlı qüvvələrinin işğalı altında olub. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən, 26 avqust 2022-ci ildə Azərbaycanın nəzarətinə keçib.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi. Dörd il əvvəl 44 günlük İkinci Qarabağ müharibəsi və ötən il birgünlük əməliyyat nəticəsində Azərbaycan işğalda olan ərazilərə nəzarətini bərpa edib.

Ötən il Qarabağda aparılan birgünlük əməliyyatı Ermənistan "etnik təmizlənmə" adlandırmışdı. Həmin vaxtdan sonra da Qarabağdan erməni əhali köç edib.