Laçın-Xankəndi yolunda aksiyanın dayandırılacağı deyilir

Laçın-Xankəndi yolunda aksiya dekabrın 12-dən davam edir.

Laçın-Xankəndi yolunda aylardır davam edən etiraz aksiyasının bu gün, aprelin 28-də, saat 18:00-dan müvəqqəti dayandırılacağı bildirilir.

Aksiyada iştirak edən şəxslər "Turan"a bildirib ki, tələbləri qismən təmin edilib: "Həmçinin biz bu qərarı qəbul edərkən dövlət nümayəndələri tərəfindən bizə dəfələrlə edilən müraciətləri nəzərə almışıq".

Aksiyada iştirakçıları adından bəyanat da yayılıb. Bəyanatda deyilir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinə aid tələbləri qüvvəsində qalır.

Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna toplaşıb özlərini ekofəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər. Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər. Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda ittiham edir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Erməni sakin: 'Artıq Laçın dəhlizindən keçmək problem olacaq'

Beynəlxalq Ədalət Məhkəməsinin bu ilin fevralında verdiyi qərara görə isə, Azərbaycan Laçın dəhlizi üzərindən maneəsiz hərəkətin bərpası üçün əlində olan bütün imkanlardan istifadə etməlidir.

Azərbaycan Dövlət Sərhəd Xidməti aprelin 23-də bəyanat yayıb ki, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Məlumatda bu addımın atılması "Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması" ilə izah edilir. Ermənistan bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Xatırlatma

Azərbaycan 2020-ci ildə müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il üçtərəfli razılaşmaya (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.