Kəlbəcərin təhvili yubandı, Ağdam boşaldıldı və Laçın...

Rusiya sülhməramlıları Laçın dəhlizində

Bu gün, noyabrın 20-də Azərbaycan ordusu noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonuna daxil olub.

Azərbaycan prezidenti bununla bağlı xalqa müraciətində deyib ki, Ağdamın işğaldan azad edilməsi hərbi qələbə nəticəsində mümkün olub.

"Azərbaycan döyüş meydanında parlaq qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir", - o qeyd edib.

Buna da bax: Prezident: '...Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır'

"Ağdamı biz qansız geri aldıq"

Politoloq Əvəz Həsənov AzadlıqRadiosuna bildirib ki, Ağdamın cədvələ uyğun müddətdə Azərbaycana təhvil verilməsi artıq dünən, noyabrın 19-dan bəlli idi. Onun vurğulamasına görə, 90-cı illərdə Ağdam uğrunda döyüşlərdə Azərbaycan 6 minə yaxın insan itirib: "Amma qismət elə gətirib ki, Ağdamı biz qansız geri aldıq".

Ə.Həsənov

Ə.Həsənov qeyd edib ki, Kəlbəcərin Azərbaycana təhvil verilməsi müddəti bir dəfə uzadılsa da, bu müddətin yenidən uzadılmasını istisna etmir: "Ermənilər götürdüyü vaxtda Kəlbəcərdən çıxıb-çıxmayacaqlarını demək çətindir. Mənim özümdə də artıq müəyyən şübhələr yaranmağa başlayıb. Ola bilsin ki, orada bir az gecikmələr oldu".

Onun deməsinə görə, Ermənistan tərəfi Kəlbəcərdən çıxmaq üçün əlavə vaxtı tək əhalinin çıxması üçün götürməyib: "Onlar bu vaxtı oradan evlərin daşınması, meşələrin qırılması, çoxlu mal-qaranı çıxarılması üçün götürüblər. Meşələri ona görə qırırlar ki, gedəcəkləri yerlərdə istiliyi təmin edə bilsinlər, həm də odunu satırlar".

Buna da bax: Kəlbəcərlilər: 'Yandırılan evləri TV-də görəndə tanıdıq'

"Laçından kənar yol tikilənə qədər…"

Ə.Həsənov xatırladıb ki, dekabrın 1-i Kəlbəcər və Laçının boşaldılması üçün son vaxtdır: "Ermənilər Laçından çıxır, amma Laçın şəhərinə bizim daxil olmamız hazırda mümkünsüzdür. Laçın şəhəri dəhliz deməkdir və ora bizim əhalimizin yerləşdirilməsi, hələ ki, mümkün deyil. Laçının ətraf kəndləri boşaldılsa da, şəhərin özü sülhməramlıların nəzarəti altında qalacaq. Çünki Laçın dəhlizi var orada və həmin dəhliz şəhərin içindən keçir. Məlum olur ki, ermənilər üçün Laçından kənar yol tikilənə qədər Laçın şəhəri tamamilə sülhməramlıların əlində qalacaq".

Bəs əgər Kəlbəcər və Laçın rayonlarının təhvil verilməsi gecikərsə, onda nə etməli?

Ə.Oruclu

"Moskva Qarabağ dalanına dirənib"

"Şərq-Qərb" Analitika Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib ki, ərazilərin azad edilməsinin yubanması Rusiyanın bunu şüurlu şəkildə istəməsi ilə bağlı ola bilər: "Biz Qarabağımızı azad edərkən Rusiya öz qlobal vəzifələrini yerinə yetirməklə məşğuldur. Moskva Qarabağ dalanına dirənib".

O əlavə edib ki, Rusiya sülhməramlılarının Azərbaycana yeridilməsinin hüquqi bazası yoxdur: "Rusiya qoşunları üçtərəfli bəyanatla daxil olub, bu zaman xarici qoşunların ölkədə qalmasını qadağan edən Azərbaycan Konstitusiyasına tamamilə məhəl qoyulmayıb və Azərbaycan Respublikasının milli təhlükəsizliyi haqqında konsepsiya pozulub. Deməli, Rusiya Azərbaycanda öz silahlı qüvvələrinin statusunun leqallaşdırılmasını tələb edə bilər".

Buna da bax: Laçında məskunlaşan ermənilər silahları təhvil verirlər

Ə.Oruclu Rusiyanın Bakıdan Xudafərin körpüsünə çıxış istəyə biləcəyini də istisna etmir. Onun fikrincə, nə qədər ki, Moskva öz istədiyinə nail olmayıb, ərazilərin boşaldılması yubadıla bilər.

"Bizim üçün əsas məsələ..."

Politoloq Fərhad Məmmədov isə "Turan" agentliyinə deyib ki, bu məsələdə məsuliyyət Rusiya sülhməramlılarının üzərinə qoyulub.

"Gələcəkdə sülhməramlıların vəzifəsinə missiyanı şəffaf, Azərbaycanın nəzarəti altında həyata keçirmək öhdəliyi qoyulmalıdır", - o bildirib.

F.Məmmədov

F.Məmmədov daha sonra da deyib: "Bizim üçün əsas məsələ Azərbaycan hərbçilərinin və mülki əhalinin təhlükəsizliyidir, Rusiya sülhməramlılarının yerləşdiyi zonada, xüsusilə Laçın dəhlizində onların fəaliyyətinin şəffaflığıdır".

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bu il noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başladı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər (15 noyabr), Ağdam (20 noyabr) və Laçın (1 dekabr) rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Bu gün, noyabrın 20-də Ağdam rayonuna Azərbaycan ordusu daxil olsa da, Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsi müddəti noyabrın 25-nə kimi uzadılıb.