Fevralın 3-də Kürdəmir rayon Məhkəməsinin qərarı ilə ictimai fəal Mövsüm Məmmədovun 30 sutka həbs edildiyi bildirilir.
Əlavə edilir ki, M.Məmmədov İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (informasiyanın istifadə edilməsi, yayılması və mühafizəsi) maddəsi ilə ittiham olunur.
Bu barədə onun yaxınları məlumat verib. Onların bildirməsinə görə, M.Məmmədov fevralın 2-də sosial şəbəkədə polisə aparılması ilə bağlı status paylaşıb: "Daha sonra onun polisə getməsi ilə bağlı olan və başqa tənqidi statusları silinib".
Bu məlumatı rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
M.Məmmədov sosial şəbəkələrdə mövcud hakimiyyəti kəskin tənqid etməsi, Kürdəmir rayonunun problemləri ilə bağlı yazıları ilə tanınırdı.
Bundan əvvəl də Azərbaycanda sosial şəbəkələrdə tənqidi statuslarına görə fəalların polisə aparılması, orada haqlarında protokol tutularaq məhkəmələrə göndərilmələri və sutkalıq həbs olumalarına dair çoxsaylı şikayətlər səslənib. Amma rəsmilər, bir qayda olaraq, iddia edirlər ki, ölkədə heç kim fikir və tənqidi mövqeyinə görə təqib olunmur.