İranda kürd dili müəlliminə 11 il iş kəsilib

Soma Purməhəmmədi

İranın Sənəndəc şəhərində kürd dili müəllimi “mədəni fəaliyyətlərinə” və “Qadın, Həyat, Azadlıq” devizli etiraz aksiyalarına dəstək verdiyinə görə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Nojin ictimai mədəniyyət assosiasiyasının üzvü Soma Purməhəmmədi AzadlıqRadiosunun Fərda redaksiyasına deyib ki, İran İslam İnqilabı Məhkəməsi Sənəndəc bölümünün ilkin hökmü 10 il həbs cəzası nəzərdə tuturdu.

Purməhəmmədi “milli təhlükəsizliyə hədə” yaratmaqda ittiham olunduğunu deyib.

Ona əlavə olaraq 1 il həbs cəzasını isə “Qadın, Həyat, Azadlıq” hərəkatında iştirakına görə veriblər.

Buna da bax: İran hakimiyyətinin diqqəti yenə hicabdadır

Farsca ifadə verməyə məcbur edilib

Qadın ittihamları rədd edib və ədliyyə sistemini tənqid edən bəyanatlar verib. O deyib ki, İran ədliyyəsindən cəzanın yüngülləşdiriləcəyini gözləmək mənasızdır.

Purməhəmmədi dindirilmə zamanı gözlərinin bağlandığını və onunla qəddar davranıldığını bildirib.

Bundan başqa onun yalnız ana dili olan kürdcə danışmaq istəyinə baxmayaraq, farsca ifadə verməyə məcbur edilib.

Bu da qeyd olunmalıdır ki, polisdə ölümü ilə ölkəni bürümüş etirazlara səbəb olmuş 22 yaşlı Məhsa Əmini də milliyyətcə kürd idi.

Onu əxlaq polisi guya hicab qaydasını pozduğuna görə saxlamışdı.

Buna da bax: İranda tanınmış reper edam cəzasına məhkum edilib

Milli azlıqların dillərinə qarşı repressiyalar

İnsan haqları fəalları deyirlər ki, Əmininin ölümündən bəri İran hakimiyyəti repressiyaları xüsusilə də etnik azlıqların yaşadıqları Kürdüstan, Kirmanşah və Qərbi Azərbaycan ostanlarında gücləndirib.

2009-cu ildə qeydiyyatdan keçmiş Nojin assosiasiyası xüsusilə də qadınlar arasında kürd dili və mədəniyyətinin təbliği ilə məşğul olur.

Fərda bildirir ki, rəsmən qeydiyyatdan keçməsinə baxmayaraq təşkilatın üzvləri təhlükəsizlik xidmətləri tərəfindən təqib və qısnama ilə üzləşirlər.

Fəallar deyirlər ki, Purməhəmmədiyə qarşı cinayət işi İranda milli azlıqlara qarşı təzyiqləri əks etdirir.

Onların sözlərinə görə İran hakimiyyəti milli azlıqların öz ana dillərində danışmalarına hər vəchlə maneələr yaradır.