Kür çayının daşması nəticəsində Zərdab rayonunun Şıxbağı, Mehdilər, Əlibəyli kəndlərində bəzi evləri, iaşə obyektlərini və əkin sahələrini su basıb.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdən aydın olur ki, son həftələrdə çayda suyun səviyyəsi 2 metrə yaxın artıb. Sakinlər bildirirlər ki, vəziyyətlə bağlı rəsmi qurumlara dəfələrlə müraciət etsələr də, hələ ki, lazımi dəstəyi ala bilmirlər.
Zərdab rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmasa da, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) vəziyyətlə bağlı açıqlama yayıb. Agentlikdən verilən məlumata görə, suyun evlərin həyətinə dolması həmin tikililərin Kürün mühafizə zolağında yerləşməsi ilə bağlıdır. "Mövcud vəziyyət son günlər düşən intensiv yağıntılar səbəbindən Kürün qolları olan Türyançay, Girdmançay və Qarqarçayda suyun səviyyəsinin kəskin artması ilə bağlıdır. Hazırda bir sıra ərazilərdə Kür çayında suyun səviyyəsində azalma müşahidə olunur. Xidmət rəhbərliyi ərazilərdədir, yerli istismar idarələri monitorinqlər aparır və vəziyyət tam nəzarət altındadır", - ADSEA-dan bildirilib.
Nazirlik tədbir görüldüyünü deyir
AZƏRTAC-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi gursululuq dövründə (aprel-iyun) su ehtiyatlarının əvvəlki illərlə müqayisədə daha çox olacağını proqnozlaşdırır. Nazirlikdən bildirilib ki, bu amil nəzərə alınaraq Mingəçevir və Şəmkir su anbarlarında ehtiyat həcmlərin qorunması məqsədilə Mingəçevir su anbarından Kürün aşağı axınına saniyədə 700 kubmetr su buraxılır: "Buraxılan suyun maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün ... Regional Su Meliorasiya Xidməti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər görülür".
Xatırlatma
Kür çayının daşması vaxtaşırı sahilboyu ərazilərdə ciddi fəsadlara yol açır. Oxşar təbii fəlakətlərdən ən miqyaslısı 2010-cu ildə qeydə alınıb. Həmin vaxt Aran bölgəsində Salyan, Sabirabad, Saatlı, İmişli, Kürdəmir rayonları və Şirvan şəhərinin geniş əraziləri su altında qalmışdı. Rəsmi statistikaya görə, fəlakət nəticəsində 20 mindən çox evi su basmış, 300-dən çox tikili isə tamamilə dağılmışdı.
Həmin dövrdə də rəsmi qurumlar baş verənləri anomal yağıntılarla əsaslandırsalar da, bəzi ekspertlər fəlakətin miqyasının bu dərəcədə böyüməsində məmur özbaşınalığının da ciddi rol oynadığını vurğulayırdılar.