Səhiyyə Nazirliyindən "Turan"a bildirilib ki, paytaxtda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 11 nəfər (5 kişi, 6 qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlumata görə, xəsarət alanlardan birinə yerində yardım edilib, biri yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.
Güclü külək nəticəsində Milli Məclis binasının fasadına da ziyan dəyib. Milli Məclisdən bildirilib ki, külək fasadın bir hissəsini qoparıb və bina xəsarət alıb.
Paytaxtda bir sıra binaların da ziyan gördüyü bildirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən isə verilən məlumata görə, güclü külək səbəbindən paytaxtda 93 ağac və iri budaq sınıb.
+++
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 21:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti dəyişib.
Qurum qeyd edib ki, Şəki, Quba, Qusar, Şabran rayonlarında yağış yağıb, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.
Xidmətdən bildirilib ki, küləyin sürəti Bakıda saniyədə 38, Sumqayıtda 23 metrədək güclənib.
"Neft Daşları" stansiyasının məlumatına görə, Xəzər dənizində dalğanın hündürlüyü 5.4 metrə çatıb.