Təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə tədris dayandırılıb. Bu barədə həmin məktəbdə təhsil alan uşaqların valideynləri bildiriblər.
Məlumatı yerli saytlara Abşeron Rayon Təhsil Şöbəsindən də təsdiq ediblər. Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən, dərslərin başlama tarixi barədə qərar veriləcək.
Valideynlərin söyləməsinə görə, aprelin 4-də güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub.
Küləyin Bakı, Xırdalan şəhərində bir neçə ev və binanın da dam örtüyünu aşırdığı deyilir.
Altı nəfər xəsarət alıb
Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Dənizdən işçilər təxliyə edilib
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti aprelin 4-ü saat 12-ə faktiki hava durumunu açıqlayıb.
Məlumata görə, aprelin 4-də ölkə ərazisində güclü şimal-qərb küləyi davam edəcək. Küləyin maksimal sürətinin bəzi yerlərdə arabir 33-38 m/s-dək güclənəcəyi, 5-i səhər saatlarından zəifləyəcəyi, gündüz mülayim cənub küləyinin əsəcəyi gözlənilir.
Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyi dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
Bu barədə aprelin 4-də "Azneft" İstehsalat Birliyindən məlumat verilib. Məlumata görə, bununla bağlı təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb. Qeyd olunub ki, təhlükəsizlik tədbirləri çərçivəsində işçilərin təxliyəsi həyata keçirilib.