Aİ Ermənistana 'atəş açmayan' silahlar verəcək

Vasilis Maraqos

Avropa İttifaqı (Aİ) öldürücü olmayan silahlarla Ermənistan Silahlı Qüvvələrinə dəstək vermək niyyətindədir.

Bu barədə Aİ-nin səfiri Vasilis Maraqos aprelin 4-də Milli Assambleyada "Ermənistanın Avropaya inteqrasiyası üçün yeni perspektivlər və çağırışlar" adlı dinləmələrdə bildirib.

Onun sözlərinə görə, söhbət mövcud potensialın gücləndirilməsinə kömək edəcək zəruri dəstəkdən gedir. "Bu, Avropa Sülh Fondu çərçivəsindədir", – Maraqos açıqlayıb.

O, həmçinin əlavə edib ki, Aİ Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsi və nizamlanmasına sadiqdir.

Noyabrda Aİ Avropa Sülh Fondu çərçivəsində Ermənistana öldürücü olmayan silahlarla dəstək imkanlarını əlavə araşdıracağını bəyan etmişdi.

Səfir Maraqos AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, Aİ Ermənistan silahlı qüvvələrinə dəstək vermək üçün konkret təkliflər hazırlamaq niyyətindədir.

Qeyd edilən qəbil silahlar atəş xüsusiyyətlərinə malik olmayan silahlardır. Bura daha çox mina axtaran qurğular, hava hədəflərini aşkar edən sistemlər, radioelektron vasitələr, qoruyucu jilet və dəbilqələr daxildir.

Buna da bax: Paşinyan: 'Rusiya ilə münasibətlərimizdə səhv etməmişik'

KTMT ondan çıxmaqla bağlı Yerevandan bildiriş almadığını bildirir

Son vaxtlar Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Katibliyinin işində iştirak etməyib. Lakin o, təşkilatdan çıxmaqla bağlı heç bir bildiriş göndərməyib.

Bu barədə "Kommersant"a müsahibəsində KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bəhs edib.

"Katiblik Yerevandan KTMT üzvlüyünün dayandırılması ilə bağlı rəsmi açıqlama almayıb", - deyən Tasmaqambetov həmçinin qeyd edib ki, qurumun katibliyi qəbul olunan qərarlar barədə Yerevanı məlumatlandırır.

Eyni zamanda, KTMT-nin baş katibi quruma yeni ölkələrin də qoşula biləcəyini istisna etməyib. Tasmaqambetov söhbətin hansı ölkələrdən getdiyini açıqlamayıb.

"KTMT böhranlı vəziyyətlərin həllinin siyasi və diplomatik üsullarına üstünlük vermək də daxil, iştirak üçün çox əlverişli şərtlər təklif edir", - KTMT-nin baş katibi bildirib.

Ermənistanın Rusiya və KTMT ilə münasibətləri 2022-ci ilin sentyabrında sonra soyuyub. Ermənistan hesab edir ki, tələblərinə baxmayaraq, KTMT blokun üzvü olan ona qarşı Azərbaycanın hücumunu hələ də pisləməyib və ərazilərinin işğalı faktını təsbit etməyib.

Azərbaycan isə, öz növbəsində, Ermənistana hücum və onun ərazisini işğal etməsini təsdiqləmir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına 'yox' dedi

Buna cavab olaraq Yerevan sərhəddə KTMT müşahidəçilərinin yerləşdirilməsi təklifini rədd edib. 2024-cü ildə baş nazir Nikol Paşinyan bəyan edib ki, Yerevanın alyansdakı üzvlüyü de-fakto dondurulub və müttəfiqlərin mövqeyi dəyişməsə, de-yure də dondurula bilər.

Paşinyan bu yaxınlarda da bildirib ki, əgər "KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir" sualının cavabı onların ideyalarına uyğun olarsa, bu, hərbi ittifaq ilə bağlı problemlərin həlli demək sayılacaq. Əks halda, baş nazir bir daha xəbərdarlıq edib ki, Ermənistan alyansdan çıxacaq.

Moskva buna cavabında bildirib ki, onlar öz praktiki addımlarını planlaşdırarkən Ermənistan rəhbərliyinin açıqlamalarını izləyəcəklər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Yerevanı KTMT-dəki statusu ilə bağlı yekun qərar verməyə çağırıb.

Hazırda KTMT-nin altı üzvü var: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan. Qurumun əsası 1992-ci ildə qoyulsa da, indiki formada 2002-ci ildə təşkil edilib.