Rusiyada Krımın keçmiş baş nazir müavini həbs olunub

Ruslan Balbek

Rusiyanın Kabardin-Balkar Respublikası ərazisində Dövlət Dumasının keçmiş deputatı Ruslan Balbek saxlanılıb. O, həmçinin Ukraynanın ilhaq olunmuş Krım yarımadasına Rusiyanın təyin etdiyi hökumətdə baş nazir müavini olub. Balbeki Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Krımdakı idarəsinin əməkdaşları saxlayıb və məhkəmə onun barəsində həbs qərarı çıxarıb.

R.Balbek daha öncə kompüter məlumatlarına qanunsuz müdaxilə və böhtanla bağlı federal axtarışa verilmişdi. Ona ittihamların konkret nədən ibarət olduğu açıqlanmır. Krımın ilhaqınadək Balbek bizneslə məşğul olub, Krım tatar xalqının qurultayının nümayəndəsi kimi çıxış edib. Onun Məclisin lideri Mustafa Cəmilovla münaqişələri olub.

Mənimsəməyə görə məhkum olunan Balbek polisə hücum işi üzrə həbs edilib, sonradan azadlığa buraxılıb. 2014-cü ilə qədər Ukraynada hakimiyyətdə olan Regionlar Partiyasının deputat köməkçisi olub. Rusiya Krımı ilhaq edəndən sonra Balbek yarımadada Rusiya hakimiyyət strukturlarında karyera qurmağa başlayıb. ''Current Time''ın yazdığına görə, o, Krım tatarlarını təmsilçisi kimi prezident Vladimir Putinlə görüşə qatılıb. İki il Rusiyanın Krıma təyin etdiyi hökumətdə baş nazir müavini vəzifəsində çalışıb. Krımın keçmiş prokuroru Natalya Poklonskaya ilə birlikdə VII çağırış Dövlət Dumasının deputatı olub –2021-ci ilin oktyabrınadək. ''Vahid Rusiya'' partiyasının üzvü olan Balbekin sonrakı karyerası barədə məlumat yoxdur.

Balbekin informasiyaya qanunsuz müdaxilə və böhtanla bağlı işlər üzrə axtarışda olması barədə məlumat Rusiyada avqustun ortalarında yayılıb. DİN onun işi ilə bağlı əlavə detallar açıqlamır.