Ukrayna Rusiyanı Moskvanın işğalı altında olan Krım yarımadası ilə birləşdirən körpünü sualtı partlayıcılarla vurduğunu bildirir. İki gün öncə isə Kiyev Rusiya ərazisinə dron hücumları ilə onlarla uzaqmənzilli bombardmançı təyyarəni dağıdıb.
Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) iyunun 3-də yaydığı bəyanatda bildirib ki, bir neçə aydır hazırlanan əməliyyat zamanı agentlər Kerç boğazındakı körpünün dayaqlarını 1100 kiloqramlıq partlayıcılarla minalayıblar.
SBU-nun vebsaytında yerləşdirilmiş, AzadlıqRadiosunun həqiqiliyini təsdiqlətdiyi videoda körpünün altında böyük partlayışın baş verdiyi görünür. Amma partlayışın səbəb olduğu dağıntının miqyası bəlli deyil.
SBU körpüdə “fövqəladə vəziyyət” yarandığını bildirib. Rusiya rəsmi orqanları isə bu gün körpüdə nəqliyyatın müvəqqəti bağlandığını bildirib, amma sonradan körpü üzərində maşınların hərəkəti qeydə alınıb.
Rusiya 19 kilometrlik Kerç körpüsünü 2018-ci ildə tikib, Ukraynanın cənubunu işğal etmiş qüvvələri üçün vacib təchizat xətti sayılır. Moskva Ukraynanın Krım yarımadasını 2014-cü ildə qanunsuz ilhaq edib.
Körpü 2022 və 2023-cü illərdə Ukraynanın hücumlarına məruz qalıb.
SBU iyunun 1-də Rusiyanın dərinliklərinə kütləvi dron hücumuyla azı 40 uzaqmənzilli bombardmançı təyyarəni vurduğunu açıqlayıb. Moskva 2022-ci ilin fevralında Ukraynaya qarşı başlatdığı təcavüzkar müharibədə həmin təyyarələrdən istifadə edib.
Prezident Volodimir Zelenski dron hücumunu 18 aydan çox müddətdə hazırlanan əməliyyatın “tam möhtəşəm nəticəsi” adlandırıb.
Zelenski Kerç körpüsünə hücumla bağlı şərh verməyib. Kremldən də rəsmi reaksiya gəlməyib.