Ukrayna noyabrın 17-nə keçən gecə Krım körpüsünə yenidən zərbə endirib. Bu haqda Ukraynanın "Exilenova+" və "Supernova+" Telegram-kanalları məlumat yayıb.
Məlumatı Rusiyanın ilhaq olunmuş Krıma rəhbər təyin etdiyi Sergey Aksyonov da təsdiqləyib. Onun sözlərinə görə, körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.
"Exilenova+" kanalı bunun kombinə olunmuş hücum olduğunu bildirir. Zərbələrin FP-5 "Flaminqo" raketləri ilə endirildiyi iddia edilir. Ancaq bu məlumat rəsmən təsdiqlənməyib.
"Astra" nəşri yazır ki, əvvəlki gün də hədəfə alınan iki körpü tağına yenidən zərbə vurulub. Onlardan biri dağılıb. "Krımski veter" Telegram-kanalı yazır ki, həmin tağla birlikdə körpünün avtomobil yolu hissəsi də çöküb, dağıntılar isə gəmilərin hərəkəti üçün nəzərdə tutulan su yolunu bağlayıb.
Rusiyanın Nəqliyyat Nazirliyi dəymiş ziyanı qiymətləndirir. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, körpüyə aparan yollarda qidalanma və isinmə məntəqələri fəaliyyətini davam etdirir.
Rusiya Müdafiə Nazirliyi bir sıra vilayətlər üzərində Ukraynaya məxsus 1441 dronun məhv edildiyini açıqlayıb.