2022-ci ilin oktyabrında Krım körpüsündə partlayışa görə səkkiz nəfər terror aktında, silah və ya partlayıcı maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinib. Bu barədə Rostov Cənub Hərbi Məhkəməsi qərar çıxarıb. Rusiya, Ukrayna və Ermənistan vətəndaşları olan bu şəxslərə ömürlük həbs cəzaları kəsilib.
Krım körpüsü Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra tikilib, yarımadanı Rusiyanın cənubuna birləşdirir. Körpünü 2020-ci ildə şəxsən prezident Vladimir Putin açıb. Körpüdən hərbi texnikanın Krıma, Rusiyanın Ukraynanın cənubunda işğal etdiyi ərazilərə daşınmasında istifadə olunur.
2022-ci il oktyabrın 8-də Krım körpüsündə güclü partlayış baş verib, iki avtomobil aşırımı uçub və dəmiryol hissəsində güclü yanğın yaranıb. Beş nəfər həlak olub. Rusiya partlayışı "terror aktı" kimi qiymətləndirib. Putin terror aktının hazırlanmasında Ukrayna xüsusi xidmətlərini günahlandırıb. İstintaq isə partlayışı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rəhbəri Vasili Malyukun təşkil etdiyini bildirib. Həmin partlayışdan sonra Ukrayna hərbçiləri körpüyə bir neçə dəfə dəniz dronları ilə hücum edib.
Malyuk Ukrayna jurnalistlərinə bildirib ki, partlayışın təşkili üzərində o və daha iki xüsusi xidmət əməkdaşı işləyib. Partlayıcının körpüyə necə daşınması barədə deyib ki, xüsusi xidmət "çox sayda insanı özlərinin xəbəri olmadan istifadə edib".
Rusiyada bu iş üzrə həbs olunanlar günahlarını etiraf etməyib və yük maşınındakı yükün partlayıcı olduğunu bilmədiklərini bildiriblər.
Körpünün partladılması üzrə cinayət işindən əlavə, Rusiyada həmin partlayışla bağlı sosial mediada paylaşımlar edənlərə "terrorizmin təbliği" maddəsi üzrə onlarla cinayət işi açılıb, onlar həbs cəzalarına məhkum olunublar.