Dünya Bankı dəstəyə hazırdır

Dünya Bankı

Dünya Bankı Azərbaycanı dəstəkləməyə hazırdır. Bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mercy Tembo prezident İlham Əliyevlə görüşündə deyib.

Oktyabrın 18-də keçirilən görüşdə bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Naveed Hassan Naqvi də iştirak edib.

Ölkə başçısının rəsmi internet saytı xəbər verir ki, Mercy Tembo Azərbaycan ilə Dünya Bankının yaxın tərəfdaşlıq əlaqələrinə malik olduqlarını deyib. O, dünyada neftin qiymətinin aşağı düşdüyü bir vaxtda ölkələrin iqtisadi çətinliklə üzləşdiklərini, buna baxmayaraq iqtisadi artımın mühüm olduğunu və bu baxımdan digər əlavə mənbələrin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Buna da bax:​ Problemli kreditlər: Dünya Bankı köməyə gəlir

M.Tembonun Dünya Bankının Azərbaycanı dəstəkləməyə hazır olduğunu bildirdiyi də qeyd edilir.

Saytın xəbərinə görə, M.Tembo müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində imkanları araşdırmağın zəruriliyini də önə sürüb.

İ.Əliyev isə qeyri-neft sektorunun inkişaf etdirilməsinin çox mühüm əhəmiyyət daşıdığını bildirərək Azərbaycanda bu istiqamətdə böyük işlərin aparıldığını deyib.

Buna da bax:​ Neft qiyməti proqnozu qaldırılır

Görüşdə Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir.

Bu müddətdə 55 layihəyə (44-ü başa çatıb) üzrə Azərbaycana hökumət zəmanəti ilə 3 milyard dollar ayrılıb.