82 milyon manatlıq əmlaka həbs qoyulub

Baş Prokurorluq

İbtidai istintaqı yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 94 milyon 817 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilib. Onun 32 milyon 635 min manatının ödənilməsinə nail olunub, 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub.

Bu barədə baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 2025-ci ilin yekunları ilə bağlı Baş Prokurorluğun geniş kollegiya iclasında bildirilib.

"Bundan başqa, icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 5 milyon 172 min manatın ödənilməsi təmin edilib", - məlumatda vurğulanır.

22 yanvar

Əməliyyat müşavirəsi

2025-ci ildə zərərin ödənilməsi məqsədilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı başa çatdırılmış cinayət işləri üzrə 27 milyon 439 min 745 manat məbləğində əmlaka həbs qoyulub.

Bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.

Vurğulanıb ki, hesabat dövründə baş idarə 174 şəxs barəsində 104 cinayət işini baxılması üçün məhkəmələrə göndərib: "İstintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 35 milyon 391 min 465 manat məbləğində maddi ziyandan 11 milyon 634 min 316 manatının ödənilməsi təmin olunub".

Xatırlatma

Azərbaycanda bir çox müxalifət partiyaları Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətindən heç də razı deyillər. Onların fikrincə, idarə ciddi və köklü korrupsiya hallarının üzərinə gedə bilmir, ya xırda, ya da gözdən düşən məmurlar məsuliyyətə cəlb edilirlər. Bunu onlar bundan ötrü ölkədə siyasi iradənin olmaması ilə izah edirlər. Hərçənd rəsmilər bunun əksini söyləyirlər.

Üstəlik, korrupsiyaya yol verdiyi bildirilən bəzi məmurların "maddi ziyanın ödənilməsi" nəticəsində uzunmüddətli həbslərdən kənarda qalması halları da cəmiyyətdə əlavə mübahisələrə səbəb olur.