Korrupsiya ilə mübarizə bölmələri yaradılır

Sizin brauzer HTML5-i dəstəkləmir

Korrupsiya ilə mübarizəyə dair tövsiyələr necə yerinə yetirilir?

Azərbaycanda büdcədən maliyyələşən bütün təşkilatlarda korrupsiya ilə mübarizə məqsədilə bölmə yaradılır.

APA-nın xəbərinə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 8-də keçirilən iclasında «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanuna Azərbaycan prezidentinin təklif etdiyi yeni iki maddə müzakirəyə çıxarılıb.

Qanuna əlavə edilən yeni 11-1 maddədə bildirilir ki, korrupsiyaya aid hüquqpozmalarla bağlı məlumatı hər bir şəxs yazılı (o cümlədən elektron) və ya şifahi verə bilər. Maddəyə əsasən, dövlət və bələdiyyə orqanlarında, büdcə təşkilatlarında (idarə, müəssisə və təşkilat) korrupsiya ilə bağlı məlumatların verilməsindən ötrü müvafiq vəzifəli şəxs və ya səlahiyyətli struktur bölmə müəyyən ediləcək.

Həmin idarə, müəssisə və ya təşkilatda çalışan işçilər korrupsiya ilə bağlı məlumatları bu səlahiyyətli struktur bölməyə verəcək.

Səlahiyyətli struktur bölmə daxil olan məlumatı qeydə aldığı gündən 20 iş günü müddətində araşdırıb, nəticəsini məlumat verən şəxsə bildirməlidir.

Maddə 11-2-də isə şikayət edən şəxs özü barədə informasiyanın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur onun konfidensiallığını təmin etməlidir.

Bu maddəyə görə, şikayət verən şəxsin özünə və ailəsinə edilə biləcək hər hansı hədə-qorxu və təzyiqdən dolayı dövlət müdafiəsi nəzərdə tutulur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.