Azərbaycanda 248 yeni yoluxma, 2 ölüm

Rusiya, xəstəxana pəncərəsindən baxan xəstə, arxiv foto

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 248 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və iki nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ qərargah-dan mayın 31-də verilən məlumata görə, vəfat edənlər COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1956 və 1960-cı il təvəllüdlü şəxslərdir:

“Hazırkı dövrədək ölkəmizdə 5494 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3428 nəfər müalicə olunaraq sağalıb, 63 nəfər vəfat edib. 2003 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 56 nəfərin vəziyyəti ağır, 65 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Qərargahdan bildirildiyinə görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 298.648 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 6 milyon 190 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 371 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.