Azərbaycanda bəzi məhdudiyyətlər qüvvəyə mindi

Sizin brauzer HTML5-i dəstəkləmir

Sentyabrın 1-dən koronavirusla bağlı yeni məhdudiyyətlər başlanır

Bu gün, sentyabrın 1-dən Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı bəzi məhdudiyyətlər qüvvəyə minib.

Bu, Nazirlər Kabinetinin iyulun 26-da "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarda dəyişiklik edilməsi haqqında qərarında öz əksini tapıb. Artıq dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının ən azı 80 faizinin birinci doza, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

Habelə, sentyabrın 1-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olmasına dair tələb də qüvvəyə minib.

Eyni zamanda, sentyabrın 1-dən ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu ilə buraxılacaqlar.

Üstəlik, toya gedən hər kəsdən də COVID pasportunun tələb olunmasına dair qərar da qüvvəyə minib. Halbuki, sentyabrın 1-nə qədər yalnız 50 nəfərdən çox iştirakçısı olan toy şənliklərində bu tələb qüvvədə idi.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı ötən ilin martın 24-dən xüsusi karantin rejimi hökm sürür. Bu müddət ərzində rejim zaman-zaman sərtləşdirilib və ya yumşaldılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə sentyabrın 1-nə kimi ümumilikdə 424 min 891 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 min 636-sının vəfat etdiyi bildirilib.