Buster doza tələb olunacaq

Vaksinasiya

Sabah, fevralın 15-dən COVID sertifikatlarının etibarlılıq müddətinə dair tələb dəyişir. Onun etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı (iki doza) təsdiqləyən sertifikat üzrə 6 ay, həmin vaxt bitdikdən sonra istehsalçının istifadə təlimatında iki doza vurulması nəzərdə tutulan peyvəndin daha bir dozasını (buster doza) aldıqda müddətsiz olacaq.

Nazirlər Kabineti bununla bağlı mövcud qaydalara 2021-ci il dekabrın 30-da dəyişiklik edib.

Başqa sözlə, fevralın 15-dən COVID sertifikatlarının etibarlılıq müddətinin peyvənd olunmanı (iki doza) təsdiqləyən sertifikat üzrə müddətsiz olmasına dair qayda ləğv olunur.

Beləliklə, etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin vaxt bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında iki doza vurulması nəzərdə tutulan peyvəndin daha bir dozasını aldıqda müddətsiz olacaq.

Beləliklə, fevralın 16-da restoran və ticarət mərkəzlərində buster doza tələb olunacaq

Habelə, bu, toylara da aid edilir. Hazırda 150 nəfərlik şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır.

Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından Azərbaycanda karantindir. Ölkədə vaksinasiyaya isə ötən ilin yanvarın 18-dən başlanıb. İndiyə qədər 4.7 milyon şəxsə iki, 2.4 milyona isə buster doza vurulduğu vurğulanır.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Fevralın 14-nə kimi Azərbaycanda isə ümumilikdə 745 min 169 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 min 50 nəfərin vəfat etdiyi bildirilib.