Ömürlük həbsdən sonra keçmiş prezidentə daha 30 il – prokuror ölüm hökmü istəmişdi

Yun Sok Yol

Seul məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol barəsində daha 30 il azadlıqdan məhrum etmə hökmü çıxarıb. Bu barədə məlumatı "Yonhap" agentliyi yayıb. Məhkəmə keçmiş dövlət başçısını 2024-cü ilin dekabrında ölkədə hərbi vəziyyət elan edilməsinə zəmin yaratmaq məqsədilə Şimali Koreya ilə münaqişəni qəsdən alovlandırmağa cəhd göstərməkdə təqsirli bilib.

İstintaqın versiyasına görə, Yun Sok Yol 2024-cü ilin oktyabrında Şimali Koreya ərazisinə dronların göndərilməsinə şəxsən göstəriş verib və bununla da regionda vəziyyətin gərginləşəcəyinə ümid edib.

Eyni cinayət işi üzrə keçmiş müdafiə naziri Kim Yon Hyon 30 il, hərbi əks-kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yo İn Hyun isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl Yun Sok Yol artıq bir dəfə ömürlük həbs cəzası alıb; məhkəmə onu 2024-cü ildə hərbi vəziyyət elan etmək cəhdinə, qiyam təşkilinə və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə təqsirli bilib.

Xüsusi prokuror keçmiş prezidentə ölüm hökmü verilməsini istəsə də, Cənubi Koreyada 1997-ci ildən bəri bu cəzanın icrasına moratorium tətbiq olunduğu üçün iddia təmin edilməyib.

Hazırda 65 yaşında olan Yun Sok Yol ona qarşı irəli sürülən bütün ittihamları rədd edir. O bildirib ki, dövlət başçısı kimi hərbi vəziyyət elan etmək üçün konstitusiya səlahiyyətinə malik olub və onun yeganə məqsədi müxalifət partiyalarının hökumətin fəaliyyətinə necə mane olduğunu ictimaiyyətə göstərmək idi.

Xatırlatma

2024-cü ilin sonlarında Yun Sok Yol "Şimali Koreyanın ölkə daxilindəki tərəfdarları ilə mübarizə aparmaq" bəhanəsi ilə hərbi vəziyyət elan etmişdi. Sözügedən fərmanla siyasi partiyaların fəaliyyəti, etirazlar və tətillər qadağan edilmiş, mediaya senzura qoyulmuşdu. Sənəd həmçinin ölüm cəzası vermək hüququ olan hərbi-səhra tribunallarının yaradılmasını da ehtiva edirdi. Amma bu sənəd cəmi altı saat qüvvədə qaldı; hərbçilərin parlament binasına basqın etməsinə baxmayaraq, deputatlar hərbi vəziyyətin ləğv olunmasına səs verdilər.

Artıq 2024-cü ilin dekabrında parlament Yun Sok Yolun vəzifəsindən kənarlaşdırılması (impiçment) barədə qərar qəbul etdi. Növbəti ilin yanvarında müstəntiqlər əvvəlcə onu həbs edə bilməsələr də, daha sonra məhkəmə sabiq prezidentin saxlanılması barədə qərar çıxardı. Fevralda siyasətçi Seul Mərkəzi Dairə Məhkəməsinə apellyasiya şikayəti verdi və məhkəmə onun xeyrinə qərar çıxararaq martın əvvəlində onu azadlığa buraxdı. Ancaq o, azadlıqda çox qala bilmədi; iyulda sübutları məhv etmə ehtimalı əsas gətirilərək yenidən həbsxanaya göndərildi.