Cənubi Koreya qəbul imtahanlarında gizli kamera yoxlamasını sərtləşdirir

Koreyalı tələbələr

Cənubi Koreya bu həftə ali məktəblərə keçiriləcək qəbul imtahanında nəzarəti gücləndirəcək. Məqsəd abituriyentlərin geyimlərində miniatür kameralar gizlətməsinin qarşısını almaqdır. Bunu noyabrın 17-də ölkənin baş naziri Han Son Suk açıqlayıb.

O, mətbuat konfransında deyib ki, iki gün sonra təxminən 550 min nəfərin qatılacağı qəbul imtahanı zamanı abituriyentlərin paltarlarındakı düymələrə xüsusi stikerlər yapışdırılacaq.

Bu yaxınlarda vergi mühasibləri imtahanında süni intellektdən istifadə ilə bağlı köçürmə qalmaqalı yaşanıb.

İmtahanda ən yüksək balı toplamış Cənubi Koreya vətəndaşı noyabrın 14-də elektron cihazlardan və generativ süni intellektdən yararlanaraq köçürdüyünü etiraf edib. Bu hadisə cəmiyyətdə dövlət imtahanlarının şəffaflığı və etibarlılığı ilə bağlı suallar doğurub.

Baş nazir həmçinin bildirib ki, imtahana girənlərin yaxalıqlarında gizli cihazların olub-olmaması metal detektorlarla yoxlanılacaq.

İştirakçıların eynəkləri də yoxlamadan keçiriləcək. Məqsəd onların gizli çəkiliş aparan ağıllı eynəklər olub-olmamasını yoxlamaqdır.

Hökumət başçısının sözlərinə görə, rəsmi qurumlar texnologiya şirkətləri ilə birgə imtahan suallarının çəkilərək generativ süni intellekt tətbiqlərinə göndərilib-göndərilmədiyini araşdırmağı planlaşdırır.

Ölkə üzrə imtahan mərkəzlərinə əlavə olaraq təxminən 8 min 400 nəzarətçi cəlb olunacaq.

Köçürmə zamanı yaxalanan şəxslərin imtahanı yenidən verməsinə qoyulan qadağanın müddəti isə 1 ildən 10 ilə qədər uzadılacaq.