Sentyabrın 23-nə keçən gecə Kopenhagenin "Kastrup" və Oslonun "Gardermoen" aeroportları naməlum dronların aşkarlanmasına görə uçuşları bir neçə saatlığa dayandırmalı olub. Bu haqda "Reuters" yazır.
Danimarka polisi bildirib ki, Kopenhagen hava limanı ərazisində iki və ya üç böyük dron müşahidə edilib və hava məkanı bağlanıb.
"Kopenhagen polisi bu dronlarla bağlı aktiv istintaqa başlayıb. Dronlar itib, onları tuta bilməmişik", – Kopenhagen polisinin köməkçisinin müavini Yakob Hansen jurnalistlərə deyib.
Onun sözlərinə görə, Danimarka və Norveç rəsmi orqanları əməkdaşlıq edərək bu iki insident arasında əlaqənin olub-olmadığını araşdıracaq.
Kopenhagen polis rəisi Yens Yespersen isə mətbuat konfransında bildirib ki, "mövcud heç bir dəlil həmin dronların arxasında duran şəxslərin insanlara zərər vermək niyyətinin olduğunu göstərmir".
Uçuşları izləyən "FlightRadar"ın bilgisinə görə, Kopenhagen aeroportunda təxminən 50 reys alternativ hava limanlarına yönləndirilib. İşin bərpasından sonra hava limanı bəzi reyslərin hələ də gecikdiyini bəyan edib. Sərnişinləri öz aviaşirkətləri ilə əlaqə saxlayaraq məlumatı dəqiqləşdirməyə çağırıblar.