Mübahisə 4 suriyalının iti təpikləməsindən sonra başlayıb

Suriyalı və türkiyəli gənclər arasında qarşıdurma, 8 iyul, 2016 (Konya, Türkiyə)

Türkiyənin Konya şəhərinin Bayşehir ilçəsində suriyalı və türkiyəli gənclər arasında çıxan qarşıdurmada iki adam ölüb, üçü yaralanıb. Olaya «itə niyə təpik atdın» mübahisəsi səbəb olub, Türkiyənin «Hürriyyət» qəzeti xəbər verir.

Şahidlərin dediyinə görə, 18 yaşlı Mehmet Bayraktar adlı Türkiyə vətəndaşı küçə itini təpikləyən 4 suriyalıya irad bildirib və onunla Suriyadan olduğu söylənən 21 yaşlı İbrahim arasında yaranan dava-dalaşa başqaları da müdaxilə edib.

Olay iyulun 8-də axşam saatlarında baş verib. Dava-dalaşda tərəflər bir-birlərinə bıçaqla zərbələr endiriblər. Yaralananlar arasında suriyalılar da var.

Türkiyəli Mehmet Bayraktar və suriyalı İbrahim xəstəxanaya çatdırılsa da, həkimlər onların həyatını xilas edə bilməyib.

Yerli əhali suriyalıların aparıldığı xəstəxanaya hücum çəkib, polis onların qarşısını almağa çalışıb, yaranan qarşıdurmada polis bibər qazından istifadə edib.