ABŞ prezidenti Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanunu imzalayıb

ABŞ Konqresi

ABŞ prezidenti Co Bayden Ukraynaya 60 milyard dollardan çox yardım nəzərdə tutan qanun layihəsini imzalayıb.

Bayden bu barədə bəyanatı aprelin 24-də Ağ evdə keçirdiyi brifinqdə verib.

Ağ evdən verilən məlumatda deyilir ki, Ukraynaya silahların çatdırılmasına yubadılmadan, elə bu həftədən başlanacaq.

Hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri üçün sursat, artilleriya qurğuları, raket sistemləri və zirehli texnika daxildir.

ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqləyib

ABŞ Konqresinin yuxarı palatası olan Senat aprelin 23-ü axşam ABŞ-ın müttəfiqlərinə 95 milyard dollardan çox hərbi yardım ayırmağı nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Ümumi yardım paketinin təxminən 61 milyard dolları Ukrayna üçün nəzərdə tutulub.

Qanun layihəsi böyük səs çoxluğu ilə qəbul edilib: 79 lehinə, 18 əleyhinə.

Senatda keçirilən səsvermə kompromis tapmaq üçün altı ay davam edən prosesə son qoydu. Mühafizəkar respublikaçılar Ağ evdən ABŞ-ın cənub sərhədində təhlükəsizliyi gücləndirməyi və başqa güzəştlərə getməyi tələb edərək Ukraynaya yardımın qarşısını alırdılar. Onlar istədiklərinə tam nail olmadılar, lakin keçən həftə Nümayəndələr Palatası Ukrayna, İsrail, Tayvan və ABŞ-ın digər müttəfiqlərinə yardımı təsdiqlədi.

Qanun layihəsi indi imzalanmaq üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək.

+++

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün teleqram kanalında yazıb ki, "Birləşmiş Ştatların Ukraynaya, İsrailə və Tayvana hərbi yardım ayırmaları dünya böhranlarını daha da dərinləşdirəcək".

Zaxarova Ukraynaya yardımı "terrorçu fəaliyyətə birbaşa dəstək" adlandırıb.

Spikerin cəsarəti

Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson Ukraynaya yardım layihəsi ilə bağlı istefa hədələri ilə üzləşmişdi.

Bir neçə respublikaçı konqresmen onun istefasının səsə qoyulacağı ilə hədələmişdi.

ABŞ Konqresi ötən ilin payızından bəri demokratlar və respublikaçılar arasında fikir ayrılığına görə Ukraynaya yardım paketini saxlamalı olmuşdu.

Ukrayna hazırda cəbhə xəttində kəskin silah-sursat çatışmazlığı ilə üzləşib.