Milli Məclis məcburi köçkünlərlə bağlı qanuna dəyişiklik etdi

Sizin brauzer HTML5-i dəstəkləmir

'Ya təklif olunan ev, ya status!' – Laçın köçkünü: 'Laçından başqa heç hara!'

İyunun 30-da Milli Məclis məcburi köçkünlərin statusu ilə bağlı qanuna dəyişiklik edib. Yeni qaydalara görə, onlara təklif olunan yaşayış sahələrindən imtina edən məcburi köçkünlər statuslarını itirəcəklər.

Qanunun keçid müddəasına görə, işğaldan azad edilmiş ərazilərdə artıq əvəzsiz ev almış şəxslərin məcburi köçkün statusu qanun qüvvəyə mindiyi gündən ləğv olunur.

Dövlətin yeni yaşayış sahəsi ilə təmin etdiyi məcburi köçkünlər zaman-zaman evlərin yeri və keyfiyyətindən şikayətlənirlər. Amma rəsmi qurumlar bu cür narazılıqları, adətən, bir o qədər də əsaslı saymırlar.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalara yol açmış, 1990-cı illərin əvvəllərində isə Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu işğal olunmuş, yüz minlərlə insan məcburi köçkün vəziyyətinə düşmüşdü. 2020-ci ildəki 44 günlük müharibə və 2023-cü ildəki birgünlük antiterror əməliyyatı ilə Azərbaycan bütün ərazisində suverenliyini bərpa edib.

Keçən il avqustun 8-də Vaşinqtonda 30 ildir münaqişədə olan Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətnini paraflayıb. Sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, qarşılıqlı iddialardan imtina edəcəklərini bildirirlər. Artıq iki ölkə arasında yükdaşımalar da bərpa edilib.