KOBİA ilə AZPROMO birləşdirildi

İlham Əliyev

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (AZPROMO) əsasında yeni qurum yaradılır.

Bununla bağlı bu gün, fevralın 24-də prezident İlham Əliyev fərman verib.

Yeni yaradılan qurum İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi olacaq.

KOBİA 2017-ci, AZPROMO isə 2021-ci ildə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (2003) əsasında təsis edilib.

Fərmana sözügedən qurumların kollektivlərindən münasibət almaq mümkün olmayıb.

Ötən həftə prezident Azərbaycanda 10 civarında publik hüquqi şəxsin birləşdirilərək yenidən yaradılması ilə bağlı fərman imzalamışdı. Fərman həmin qurumlarda idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə izah edilmişdi.

Müstəqil ekspertlər isə hesab edirlər ki, Azərbaycanın əsas gəliri - neft hasilatı azaldıqca və qiymətdən düşdükcə, hökumət belə optimallaşdırmaya gedir. Üstəlik, onlar düşünür ki, belə addımlar ölkədə reallıqda işsizlərin sayını artırır.