Xarkova raket zərbəsindən 2 nəfər ölüb, 20-dək insan yaralanıb

Kiyev regionuna raket zərbəsi

Mayın 25-i günorta saatlarında Ukraynanın Xarkov vilayətində yerləşən Derqaçi şəhərinə Rusiyanın raket zərbəsi endirməsi nəticəsində azı iki nəfər həlak olub. Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov təxminən 20 nəfərin yaralandığını açıqlayıb. Zərbənin mülki müəssisəyə endirildiyi bildirilir.

Mayın 25-də səhər saatlarında Rusiya hərbçiləri Donetsk vilayətinin Kramatorsk şəhərinə beş FAB-250 aviasiya bombası ilə hücum edib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, nəticədə 10-dan çox çoxmənzilli bina zədələnib, azı üç nəfər yaralanıb.

Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinə Rusiyanın zərbəsi nəticəsində biri uşaq olmaqla, 10 nəfər xəsarət alıb. Vilayət administrasiyasının rəhbəri Aleksandr Qanja bu məlumatı verib. Dron çoxmənzilli yaşayış binasına düşüb və bunun görüntüləri internetdə yayılıb. Vilayət mərkəzi olan Dnepr şəhərinə Rusiyanın hücumu nəticəsində isə azı üç nəfər yaralanıb.

Kiyevə mayın 24-nə keçən gecə baş vermiş genişmiqyaslı Rusiya hücumunun nəticələri hələ də aradan qaldırılır. Ukrayna paytaxtında yaralananların sayı 80-i keçib, iki nəfər ölüb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mayın 25-də bildirib ki, "Xarici İşlər Nazirliyi yaxın vaxtlarda zərbələrlə və xarici diplomatik korpusa xəbərdarlıqla bağlı xüsusi bəyanat verəcək". Zaxarova Kiyevə hücumların davam etdiyini vurğulayır. Rusiya bunları "cavab zərbələri" adlandırır.

Rusiyada dron hücumundan iki nəfər ölüb. Kiyevə 'Oreşnik' atılıb

Mayın 25-nə keçən gecə Rusiyanın ondan çox regionu, o cümlədən Moskva vilayəti Ukraynanın dron hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyi 173 dronun vurulduğunu bildirib.

Belqorod vilayətinin Qrayvoron şəhərində dronun avtomobilə zərbəsindən bir nəfərin həlak olduğu, avtomobilin isə yandığı bildirilir.

Belqorod şəhərinə raket hücumunda enerji infrastrukturu zədələnib, elektrik və su təchizatında fasilələr yaranıb. "Pepel" nəşri ofis binalarına və iki çoxmənzilli yaşayış binasına ziyan dəydiyini yazır.

Bryansk vilayətinə artilleriya atəşi nəticəsində Belaya Beryozka qəsəbəsində bir yerli sakin ölüb, yanğın-xilasetmə xidmətinin əməkdaşı yaralanıb. Bir neçə çoxmənzilli və fərdi ev, sosial obyektlər və inzibati binalar zədələnib.

Kiyev vilayətinə "Oreşnik" hücumu

Mayın 24-də isə Rusiya Kiyev vilayətində bir şəhərə ən yeni hipersəs raketi, yüzlərlə dron və digər raketlərlə hücum edib. Bu, son dövrdə Ukrayna paytaxtına edilən ən iri hücumlardan biri sayılır. Ən azı dörd nəfərin öldüyü bildirilir.

Hücum 600-dən çox dron, həmçinin nüvə başlığı daşıya bilən "Oreşnik" hipersəs raketi ilə həyata keçirilib. Raket Kiyevdən təxminən 80 kilometr cənubda yerləşən Bila Tserkva şəhərinə atılıb.

Rusiya "Oreşnik"dən Ukraynadakı hədəflərə qarşı üçüncü dəfə istifadə edir. Bundan əvvəl raket bir dəfə Polşa sərhədi yaxınlığındakı şəhərə, ikinci dəfə Dnepr şəhərinə atılmışdı. Raket Kiyev vilayətinə qarşı ilk dəfə istifadə olunub.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya mayın 24-dəki hücumlarda su təchizatı obyektini, kommersiya bazarını və onlarla yaşayış binasını hədəfə alıb.

Starobelskdə kollec və yataqxanaya endirilən zərbənin dağıntıları

Luqanskda yataqxanaya zərbədə azı 16 nəfərin öldüyü deyilir

Rusiya Müdafiə Nazirliyi bildirib ki, "Oreşnik"lə zərbə həm də "mülki infrastruktura edilən Ukraynanın terror hücumları"na cavab məqsədi daşıyıb.

Ötən həftə Rusiyanın işğalı altındakı Ukrayna ərazisində məktəb yataqxanasına endirilən zərbədə, Rusiya rəsmilərinin iddiasına görə, 10-dan çox insan ölüb. Rusiya prezidenti Vladimir Putin hadisəni "terrorçuluq" adlandırıb.

Putin mayın 22-də deyib ki, Ukrayna Rusiyanın nəzarətində olan Luqanskda yataqxanaya qəsdən hücum edib və binadan hərbi məqsədlə istifadə olunmayıb.

Rusiya rəsmilərinin məlumatına görə, azı 16 nəfər ölüb. Ukrayna rəsmiləri isə bu ittihamlarla bağlı şərh verməyiblər.

Putinin televiziya ilə yayımlanan çıxışı qeyri-adi dərəcədə sərt olub və 2022-ci ilin fevralında genişmiqyaslı işğal başlamazdan öncəki ritorikasını xatırladıb.

O, Ukraynanın cəbhədə mövqelərini itirdiyini, ərazi itirdiyini, "fəlakətli vəziyyət"ə düşdüyünü iddia edib.

Ancaq hərbi müşahidəçilərin sözlərinə görə, bəzi ərazilərdə Ukrayna hətta müəyyən torpaqları geri qaytarıb. Bu isə Rusiyanın Putinin elan etdiyi ilkin müharibə məqsədlərinə çatmaqda çətinlik çəkdiyini göstərir.