Noyabrın 21-də Kiprdə məhkəmə azərbaycanlı Orxan Əsədovu sui-qəsd ittihamı ilə 6 il yarım həbsə məhkum edib. "Reuters" onun vəkilinə istinadla yazır ki, prokurorluq ona qarşı Kiprdə yaşayan israillilərə terror hücumları planlaşdırmaq ittihamını götürüb.
O.Əsədov 2021-ci ilin sonlarından Kiprdə həbsdədir. O, həbs olunanda İsrail İranı Əsədovu adadakı israilli biznesmenləri hədəf almaq üçün killer kimi tutmaqda ittiham edirdi. İran isə bu ittihamları əsassız adlandırıb. İttiham aktında da İranla bağlı hər hansı məqam yer almayıb.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti 2022-ci ilin noyabrında İran kəşfiyyatının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa etdiyini bildirirdi. Məlumatda qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri - O.Əsədovun üçüncü ölkə ərazisində terror aktına cəhd göstərərkən həbs olunduğu vurğulanırdı.
Vəkil Kostis Efstatiu "Reuters"ə bildirib ki, müvəkkili cinayət törətmək məqsədilə sui-qəsddə, silah saxlamaqda təqsirli bilinib.
Məhkəmə qapalı keçirilib. Təqsirini etiraf etməklə bağlı danışıqlardan sonra prokurorlar təqsirləndirilən şəxsə qarşı terrorla bağlı maddələri, israillilərin onun hədəfində olması ittihamlarını götürüblər.
"Məhkəməni inandıra bildik ki, bu işin etnik mənsubiyyətlə heç bir əlaqəsi yoxdur. Bunun terrorla da heç bir bağlılığı yox idi",– Efstatiu deyib.
Çıxarılan hökmdə artıq həbsdə keçirilən müddət nəzərə alınıb. Vəkil bunu "qanun çərçivəsində ağır cəza" adlandırıb.