Bloomberg: Kipr Belarusa qarşı Avropa sanksiyalarını bloklayıb

Alyaksandr Lukaşenka

Kipr Avropa İttifaqı ölkələrinin Belarusun yüksək vəzifəli rəsmiləri üzərinə sanksiyalarını bloklayıb.

Bu barədə Avropa mənbələrinə istinad edən Bloomberg yazır.

Bloomberg yazır ki, Kipr Aralıq dənizindəki mübahisəli ərazidə qazma işləri aparan 7 Türkiyə şirkətinin Avropanın sanksiya siyahısına daxil edilməsinə çalışır.

İddia edildiyinə görə Kipr, Brüssel Türkiyəyə qarşı “lazımi” tədbirləri görməyənədək Avropa İttifaqınn birgə qərarlarını dsətəkləməyəcəyini bəyan edib.

Beləliklə də, Avropa İttifaqının Lukaşenka hökumətinə qarşı sanskiyaları bloklanmış olub.

Blokun birgə qərarlarının qəbulu üçün bütün ölkələr arasında konsensus olmalıdır.

Hələ avqustun axırlarında, Avropa İttifaqı xarici işlər nazirlərinin iclasında Kiprin xarici işlər naziri Nikos Christodoulides Belarus barədə qərara veto qoyula biləcəyinə işarə etmişdi.

O jurnalistlərin Kiprin Türkiyəyə qarşı sanksiyalar olmadan Belarus barədə Avropa İttifaqı qərarını dəstəkləməsinin mümkünlüyü barədə suala cavab verərkən, “biz ikili standartlara qarşıyıq” demişdi.

Buna da bax: Baltik ölkələri Lukashenka və oğluna sanksiyalar elan edir

Lukaşenka sanksiya siyahısında olmayacaq?

Belarus rəsmilərinə qarşı sanksiyaların irəli sürülməsi naminə Brüssel Türkiyəyə qarşı sanskiyalar prosesinin sürətləndirildiyini bildirmişdi.

Lakin bu barədə texniki danışıqlar hələ aparılmadığına görə Belarusa qarşı sanksiyaların elan edilməsi ləngiyir.

Bloomberg-in mənbələri bildiriblər ki, bu məsələdə irəliləyiş əldə olunması sentyabrın sonlarınadək mümkün ola bilər.

Bundan əvvəl Almaniyanın Die Welt qəzeti xəbər verirdi ki, Belarus məmurlarına qarşı Avropa sanksiyaları sentyabrın ortalarınadək hazır olmalıdır.

Qəzet bunu da yazırdı ki, yekun sanksiya siyahısına prezident Alyaksandr Lukaşenkanın adı daxil edilməyəcək, çünki Almaniya, Fransa və İtaliya buna qarşı çıxırlar.

Lukaşenkanın siyahıya salınmayacağını Reuters agentliyi də xəbər vermişdi.